Azərbaycandan olan turistlərə tezliklə Balkan ölkələrinə kombinə edilmiş turlar etmək imkanı veriləcək. O cümlədən, tur Monteneqro, Bosniya və Herseqovina, Makedoniya, Serbiya və Albaniya kimi ölkələri əhatə edəcək.
Bu planın detalları Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin üzvü, Turizm Komissiyasının sədri Ruslan Quliyevin Monteneqro Respublikasına səfəri zamanı müzakirə olunub. Görüşlərin əsas məqsədi həm də bu ölkədə yeni sağlamlıq turizmi institutları ilə tanış olmaq olub. Səfər çərçivəsində R.Quliyev Azərbaycan Sahibkarlar Konfederasiyasının Bosniya və Herseqovina, Serbiya və Monteneqro üzrə nümayəndəsi Seyran Mirzəzadə ilə görüşüb.
Görüş zamanı ikitərəfli işgüzar əlaqələrin əhəmiyyəti, turizm sahəsində əməkdaşlıq və pandemiyadan sonrakı dövrdə, xüsusən 2023-cü ildə təqvim planına uyğun olaraq həyata keçirilməli olan fəaliyyətlər müzakirə edilib. Ruslan Quliyev onu da əlavə edib ki, son illər Azərbaycan ilə Monteneqro Respublikası arasında turizm sahəsində əməkdaşlıq genişlənir. Xüsusən də sağlamlıq turizmi istiqamətində bu əlaqələr daha da yaxınlaşır:
“İşğaldan azad edilmiş Azərbaycan torpaqlarının turizmin bütün istiqamətləri üzrə böyük potensialı var. Turizm sənayesində sahibkarlar olaraq bizim əsas vəzifəmiz onlar haqqında məlumatları dünyaya çatdırmaqdır. Monteneqro turizm sahəsində ən çox əməkdaşlıq etdiyimiz ölkələrdən biridir. Ona görə də bu ölkənin sağlamlıq turizmi qurumları ilə əlaqələrimizi gücləndirməyə və qarşılıqlı turist mübadiləsini daha da genişləndirməyə çalışırıq”.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Balkan ölkələrinə vizasız səfər edə bilərlər.