Azərbaycanın aeroportlarından şəhərə gəlmək üçün ictimai nəqliyyat varmı?

Azərbaycanın aeroportlarından şəhərə gəlmək üçün ictimai nəqliyyat varmı?

Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportu istisna olmaqla Azərbaycanın bütün hava limanlarından şəhərin mərkəzinə ictimai nəqliyyat işləmir.

Yəni Azərbaycanın regionlarına təyyarə ilə gələnlər son təyinat məntəqəsinə yalnız taksi ilə çata bilirlər. Bu isə yola sərf olunan xərcin nəzərdə tutulandan çox olması deməkdir.

Məsələn, Rusiyanın hansısa şəhərindən təyyarə ilə Gəncəyə gələn şəxs yerli aeroportdan şəhərin mərkəzinə getmək üçün azı 10 manat taksiyə pul verməlidir. Eyni vəziyyət Naxçıvan və Lənkəran hava limanlarında da hökm sürür. Təyyarədən düşən şəxslərin taksidən başqa seçim imkanları yoxdur. Bəs bu cür vəziyyət nə dərəcədə normaldır? 

"Bütün hava limanlarında ictimai nəqliyyat olmalıdır"

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyir ki, bütün aeroportlarda ictimai nəqliyyata minmək imkanları olmalıdır: "Məsələn, Gəncə Beynəlxalq Hava Limanı təkcə Gəncə şəhəri ilə deyil, həmçinin onun qərbindəki Şəmkir avtostansiyası ilə əlaqələndirilməlidir. İnsanların istənilən vaxt, o cümlədən gecə saatlarında hər iki yerə avtobuslarla getmək imkanı olmalıdır. Özü də bu məsələlər qanunvericiliklə tənzimlənir. Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında" qərarına görə, dəmiryol vağzallarından, avtovağzallardan (avtostansiyalardan), hava və dəniz limanlarından və digər obyektlərdən, həmçinin bu obyektlər istiqamətində daşımaların yerinə yetirilməsi məqsədilə sutkanın gecə vaxtında müntəzəm sərnişin daşımaları təşkil oluna bilər".

"Bakı aeroportundan şəhərə avtobus işləyir, amma..."

Onun sözlərinə görə, hazırda Bakı aeroportundan şəhərə avtobus işləsə də, burada da vəziyyət qənaətbəxş deyil: "Həmin ekspress avtobusların sayını artırmaq lazımdır. Onlar azı 30 dəqiqədən bir işləməlidir və paytaxtın müxtəlif nöqtələrindən hava limanına avtobusla getmək imkanı yaradılmalıdır. Təkcə ötən il Heydər Əliyev Beynəlxalq Aeroportu 4 milyondan çox sərnişinə xidmət göstərib. Bu da o deməkdir ki, hava limanında ictimai nəqliyyata böyük ehtiyac var".

"1987-ci ildə Binədəki aeroportdan Bakının mərkəzinə 30 saylı trolleybus işləyirdi, dəmir yolu vağzalının qarşısı ilə hava limanını əlaqələndirirdi. Həmçinin 16 saylı avtobus Səməd Vurğun bağından aeroporta qədər işləyirdi. Bundan başqa, 154 saylı avtobus köhnə avtovağzaldan hava limanına qədər fəaliyyət göstərirdi. 1997-ci ildə bu xətlər ləğv edildi, daha sonra 116 nömrəli marşrut xətti fəaliyyət göstərirdi”, - deyə ekspert xatırladıb.

"Heç olmasa, turistləri nəzərə almaq lazımdır"

Turizm üzrə ekspert Rəhman Quliyev də hesab edir ki, hava limanlarını tərk etmək üçün taksi kifayət deyil və heç olmasa, turistləri nəzərə alaraq aeroportlarda ictimai nəqliyyat xidməti təşkil edilməlidir: "Bütün dünyada, o cümlədən Azərbaycanda hava limanları şəhərdən 20-25 km uzaq məsafədə yerləşir. Turistlərin rahat hərəkəti üçün ictimai nəqliyyat çox önəmlidir. İnsanlar hava limanından şəhərə taksi ilə getmək, əlavə xərcə düşmək istəmir. Nəinki aşağı və orta büdcəli turistlər, bəzən hətta yuxarı büdcəli turistlər də avtobusdan istifadə etmək istəyir. Ona görə də hər bir hava limanına avtobusların işləməsi zəruridir. Dünya təcrübəsində bundan geniş istifadə edilir”.

"Turistlər hava limanlarından ödənişsiz də daşına bilər"

Onun sözlərinə görə, Heydər Əliyev Hava Limanından turistlər şəhərə hətta ödənişsiz də daşına bilər: “Gün ərzində heç olmasa, 4-5 ödənişsiz reys olsa, turislərin ölkəyə cəlb edilməsi baxımından gözəl addım olardı. Bunu sərnişin sayı çox olan aviareyslər üçün təşkil etmək, xüsusilə Bakı-Moskva, Bakı-İstanbul kimi reyslər üçün reallaşdırmaq olar. Eyni zamanda, biz başqa hava limanlarında da bunu təşkil edə bilərik. Həmçinin bu gün paytaxtın coğrafi mövqeyi əl verir ki, biz hava limanına metro çəkək. Məsələn, “Koroğlu metrostansiyası ilə aeroportu əlaqələndirmək olar. Bu istiqamətlərdə metronun olmasını mən zəruri hesab edirəm”.

 

"Avtobus yoxdur, amma sərnişinlər şəhərin mərkəzinə piyada gəlmir"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə deyirlər ki, regionlardakı hava limanlarında sərnişin axını az olduğu üçün ekspress avtobus xətlərinin təşkil edilməsi səmərəli deyil, amma bu o demək deyil ki, sərnişinlər şəhərin mərkəzinə piyada gəlirlər: "Məsələn, Gəncə aeroportundan 500 metr məsafədəki Nadel kəndindən şəhərin mərkəzinə müntəzəm avtobuslar fəaliyyət göstərir. Gəncədən isə Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy istiqamətində hərəkət edən rayonlararası və şəhərlərarası avtobuslar da hava limanının yaxınlığından keçir. Lənkəranın mərkəzindən isə Ləj, Darquba, Kərgəlan, Şağlaküçə, Şovu kəndlərinə işləyən avtobuslar aeroporta yaxın ərazidən keçməklə sərnişinlərə xidmət göstərir".

Bakı aeroportundan avtobus niyə 1,3 manata işləyir?

Daha bir narahatlıq doğuran məqam isə Heydər Əliyev Beynəlxalq Aeroportu ilə Bakının mərkəzini əlaqələndirən 2 avtobusun adi avtobuslardan fərqli olaraq 0,3 manata deyil, 1,3 manata işləməsi, cəmi 3 dayanacağının (hava limanı, metronun "Koroğlu" və "28 may" stansiyaları) olmasıdır. Bakı Nəqliyyat Agentliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, "gediş haqqı Tarif Şurasının 25 dekabr 2015-ci il qərarına əsasən müəyyənləşdirilib. Mövcud dayanacaqlar isə hava limanı istiqamətində daha çox zərurət yaranan ərazilərdir. Xətt ekspres olduğu, yəni sürətli rejimdə fəaliyyət göstərdiyi üçün dayanacaq sayı azdır".