Mehmanxanalar üçün ulduz, turizm şirkətləri üçün mülki məsuliyyət sığortası tələbi qoyulacaq

Mehmanxanalar üçün ulduz, turizm şirkətləri üçün mülki məsuliyyət sığortası tələbi qoyulacaq

Dövlət Turizm Agentliyinin (DTA) və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə dekabrın 8-də Bakı Konqres Mərkəzində turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti 2022” işə başlayıb.

Tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektor təmsilçiləri iştirak ediblər.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, əsas hədəf 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyona çatdırmaqdır. Növbəti dörd il üçün məqsəd turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ümumi daxili məhsulun istehsalının həcmini 2019-cu illə müqayisədə 1,5 dəfə artırmaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artıma nail olmaqdır. Ölkədə yerli turistlərin sayını 6 milyona çatdırmaq, bütövlükdə Azərbaycanı dayanıqlı və əlçatan turizm istiqamətinə çevirmək prioritet hədəflər arasındadır.

Qeyd olunub ki, turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas istiqamət üzrə hədəflər müəyyənləşdirilib. Bu hədəflər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətləndirilib.

Agentliyin sədri çıxışında turizm sektorunun idarəetmə çərçivəsinin daha da təkmilləşdirilməsi üçün regional turizm şuralarının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib. O, turizm sektorunda tənzimlənmə çərçivəsinin inkişafı məqsədilə mehmanxanalar üçün ulduz tələbinin, turizm şirkətləri üçün isə mülki məsuliyyət sığortası mexanizminin tətbiqinin nəzərdə tutulduğunu deyib.

Çıxışda, həmçinin turizmin inkişafı istiqamətində DTA tərəfindən görülmüş işlər, “Turizm haqqında” yeni Qanunda bu sahənin hüquqi-institusional tənzimlənmələri, Agentliyin tabeliyindəki qoruqlarda mədəni irsin qorunması və mühafizəsi üzrə aparılan yenidənqurma və bərpa işləri, turizm təhsili üzrə insan resurslarının və ikitərəfli turizm əlaqələrinin inkişafı məqsədilə atılan addımlar, hədəf bazarlarda aparılan marketinq-təbliğat işləri, həmçinin ilk dəfə istifadəyə verilən “Turist çağrı və məlumatlandırma” mərkəzi haqqında məlumat verilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun azad etdiyi ərazilərin turizm potensialının öyrənilməsi, reallaşdırılması və tanıdılması üçün həyata keçirilən çoxistiqamətli tədbirlərdən bəhs edən Fuad Nağıyev turizmin Qarabağda və Şərqi Zəngəzurda insanların yaşayışını təmin etmək üçün aparıcı sahələrdən biri olacağını vurğulayıb.

Sammit çərçivəsində dörd ayrı kateqoriyada 50-dən çox indikatoru müvafiq alt göstəricilər üzə dövri əsasda əks etdirən “Turizm üzrə vahid məlumat bazası”nın təqdimatı keçirilib.

Tədbir “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “Turizm, mədəni irs və yaradıcı sənaye: yeni çağırışlar”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti”, “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularında panel müzakirələri ilə davam edib.