Beynəlxalq tədbirlərin sayının artması hotellərin doluluq səviyyəsinə müsbət təsir edir

Beynəlxalq tədbirlərin sayının artması hotellərin doluluq səviyyəsinə müsbət təsir edir

“Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayının artması ilə əlaqədar yerli hotellərin doluluq səviyyəsi artıb”.

Bunu “Azərbaycan Hotel Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Günay Sağlam bildirib. “Bu il Bakıdakı hotellər 40-50%, regionlardakı hotellər isə 70% dolu olub. O cümlədən, Rusiya, Türkiyə, İran, Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn turistlər üstünlük təşkil edir”, - deyə o qeyd edib.

G.Sağlamın sözlərinə görə, hazırda hotel sənayesinin üzləşdiyi problemlərdən biri kadr çatışmazlığı ilə bağlıdır: “Hazırda milli kadrların bir qismi Qətərdə fəaliyyət göstərir. Bu, yəqin ki, daha yüksək xidmət haqqı müqabilində olub. Amma biz kadr potensialını artırmaqda davam edirik. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edir, həmçinin universitetlərdə təbliğat işləri aparırıq”.

Günay Sağlam həmçinin gözlənilməz qiymət artımları ilə bağlı turizm şirkətlərinin iddialarına münasibət bildirərkən deyib ki, Azərbaycanda hotellərin səfərqabağı qiymətləri artırması halları ilə üzləşənlər Dövlət Turizm Agentliyinə müraciət etməlidir.

“Əgər hotelin turizm şirkəti ilə müqaviləsi varsa və hər iki tərəf peşəkardırsa, belə halların olması mümkün deyil. Amma bəzən xoşagəlməz hallar baş verir. Böyük hotellərin şikayət mexanizmləri var və turizm agentlikləri həmin mexanizmlər əsasında Dövlət Turizm Agentliyinə müraciət edə bilərlər. Amma bizim bildiyimizə görə, böyük hotellərdə həmn hallar yoxdur. Çünki qiymətlər əvvəlcədən danışılır və müqavilələr imzalanaraq ona uyğun hərəkət edilir. Mövsümü qiymətlər də əvvəlcədən müzakirə olunur və razılıq əldə edilir.

Hazırda yerli turizm şirkətləri əsasən onlara üstünlük verilməməsindən narazıdır. Əslində biz yerli hotellərlə bunun müzakirəsini aparırıq. Bir çox hotellər yerli turizm şirkətləri üçün qiymətlərini dəyişdirib”, - deyə o qeyd edib.