Bu il yanvarın 1-dən noyabrın 15-dək Türkiyənin Antalya vilayətinə hava yolu ilə gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 48 faiz artaraq 13 milyon 3 min 263 nəfərə çatıb.
Bu barədə Antalya şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib.
Qeyd olunub ki, keyfiyyət və qiymət tarazlığı baxımından dünyanın ən yaxşı turizm məkanlarından biri olan Antalyaya mövsüm sonu olmasına baxmayaraq hava yolu ilə gündəlik 8-10 min turist daxil olur.
Bu ilin statistikasına əsasən, Antalyaya ən çox turist 2 milyon 826 min nəfərlə Rusiyadan gəlib.
Bu sıralamada ikinci və üçüncü yerlərdə Almaniya və İngiltərə yerləşib. Bu da şəhərə gələn alman və ingilis turistlərin sayını rekord həddə çatdırıb. Belə ki, cari ilin on ayı ərzində Almaniyadan 2 milyon 670 min nəfər, İngiltərədən isə 1 milyon 88 min turist şəhəri ziyarət edib.