Azərbaycanlı turizmçilər Türkiyənin sağlamlıq turizminin imkanları ilə tanış oldular

Azərbaycanlı turizmçilər Türkiyənin sağlamlıq turizminin imkanları ilə tanış oldular

Türkiyənin Samsun şəhərində keçirilən "Samsun İkiztepe Sağlık Zirvesi" konfransı çərçivəsində Azərbaycanı təmsil edən nümayəndə heyəti Samsun vilayəti sağlıq müdürü Dr.Muhammet Ali Oruc ilə görüşüb.

Görüş zamanı sağlamlıq turizmi sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, iki qardaş ölkə arasında həkim mübadilələri, təbliğat və digər mövzulardan danışılıb.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Türkiyə nümayəndə heyətinə Qarabağda görülən işlər, Azərbaycanın turizm potensialı, unikal Naftalan neftinin faydaları barədə məlumat verib. O qeyd edib ki, Türkiyə tərəfindən ümumi müalicə paketlərinin təklifi turizm şirkətləri və həkimlərin işini daha da asanlaşdıracaq. Bundan əlavə Ruslan Quliyev Samsun şəhərinə birbaşa reyslərin vacibliyini vurğulayıb.

Öz növbəsində Dr.Muhammet Ali Oruç şəhərin həm sağlamlıq turizmi həm də ümumi turizm imkanlarından danışıb. O qeyd edib ki, Samsun həm də cərrahi alətlərin istehsalına görə dünyada qabaqcıl məkanlardan biridir.

"Biz Azərbaycanlı qardaşlarımıza hər cür dəstək göstərməyə hazırıq. Bakıdan Samsuna birbaşa aviareyslərin açılması əlaqələrimizin daha da müsbət inkişafına gətirib çıxara bilər", - deyə Dr.Muhammet Ali Oruç qeyd edib.

Sonda Ruslan Quliyev Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin adından Samsun qubernatoru Zülfik Dağlı və Samsun vilayəti sağlıq müdürü Dr.Muhammet Ali Oruça xatirə plaketlərini təqdim edib.

AviaTravel