Avropa İttifaqı (Aİ) “DiscoverEU” layihəsi çərçivəsində 2004-cü il təvəllüdlü gənclərə pulsuz səyahət imkanı verəcək. Avropa Birliyi “Erasmus+” proqramı çərçivəsində ölkələrdə yaşayan namizədlər gələn aydan etibarən pulsuz tur üçün müraciət edə biləcəklər.
Müraciət edənlər arasında keçiriləcək püşkatma nəticəsində 35 min gənc qatar və ya digər dayanıqlı nəqliyyat vasitələri ilə maksimum bir ay bütün Avropanı kəşf etmək imkanı qazanacaq.
Aİ 2022-ci ili Avropa Gənclər İli elan edib. Bu layihənin məqsədi gənclərə yeni mədəniyyətlər kəşf etmək və yeni dostluq əlaqələri qurmaq imkanı yaratmaqdır. Pulsuz səyahət üçün müraciətlər Avropa Gənclər Portalı vasitəsilə edilə bilər. Oktyabrın 11-də açılacaq müraciət müddəti oktyabrın 25-də başa çatacaq.
Avropa İttifaqı Komissiyasının gənclərdən məsul üzvü Mariya Qabriel Avropa Gənclər ili ilə əlaqədar ikinci dəfə təşkil olunacaq DiscoverEU pulsuz səyahət layihəsinin mədəniyyət mübadiləsinə böyük töhfə verəcəyini bildirib. "Mədəni mübadilə bu gün heç vaxt olmadığı qədər vacibdir" deyib.