Şamaxıda keçiriləcək II Üzüm və Şərab Festivalının vaxtı açıqlandı

Şamaxıda keçiriləcək II Üzüm və Şərab Festivalının vaxtı açıqlandı

Heydər Əliyev Fondundan verilən məlumata görə, oktyabrın 1-2-də Şamaxıda ikinci Üzüm və Şərab Festivalı keçiriləcək. Festival Heydər Əliyev Fondunun dəstəyi və Dövlət Turizm Agentliyinin, Şamaxı rayon icra hakimiyyətinin və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçiriləcək.

Festivalın məqsədləri Azərbaycanda üzümçülük ənənələrinin genişləndirilməsi, yerli üzümçülüyün və şərabçılığın inkişafına dəstək, şərab məhsullarının ixrac potensialının artırılması, turizm imkanlarının şaxələndirilməsidir.

Festivalın proqramına üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı maarifləndirici tədbirlərin təşkili, konsert və şoular daxildir. İki gün ərzində layihənin həyata keçiriləcəyi ərazidə fermerlər öz məhsullarını təqdim edəcək, dequstasiya pavilyonları quraşdırılacaq, qastronomik, gəzinti və əyləncə zonaları fəaliyyət göstərəcək, tanınmış yerli və xarici müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək, teatr tamaşaları olacaq.

Şamaxıda üzüm və şərab bayramının keçirilməsi təsadüfi deyil. Azərbaycanın qabaqcıl kənd təsərrüfatı rayonlarından biri olmaqla yanaşı, üzümçülük diyarı kimi də tanınır. Məhz Şamaxıda sonralar dünya şöhrəti qazanan üzüm sortları seleksiya yolu ilə yetişdirilib.