Gürcüstanda ənənəvi olaraq hər il keçirilən “Tbilisoba” bayramı bu il oktyabrın 1-də başlayacaq. İki gün davam edəcək bayram çərçivəsində paytaxt Tbilisinin Orbeliani, Qudiaşvili meydanlarında, Leqvtaxevi və Rike parklarının ərazilərində xüsusi bayram tədbirləri keçiriləcək və yarmarkalar açılacaq.
Bu barədə Tbilisi meriyası məlumat yayıb. Bildirilir ki, Tbilisi meriyası bu ilki bayram xidmətləri üçün 3 milyon 50 min lari (təxminən 1 milyon dollar) maliyyə vəsaiti ayırıb.
Oktyabrın 1-də “Tbilisinin fəxri vətəndaşları” təltif olunacaqlar.
Oktyabrın 2-də bayram Avropa parkında konsert proqramı ilə başa çatacaq.
“Tbilisinin fəxri vətəndaşı” adına elm, mədəniyyət, incəsənət, siyasət və iqtisadiyyat sahələrində xüsusilə fərqlənən şəxslər layiq görülürlər.
Tbilisi şəhər meriyası 2017-ci ilin oktyabrında “Tbilisinin fəxri vətəndaşları” 1979-2016” adlı kitab nəşr etdirib. Kitabda Gürcüstanın yerli vətəndaşları ilə yanaşı, xarici ölkə vətəndaşlarının da adları var. Xarici ölkə vətəndaşları bu ada Gürcüstan və Tbilisi qarşısında xüsusi xidmətlərə görə layiq görülüblər. “Tbilisinin fəxri vətəndaşı” adını daşıyan vətəndaşlara diplomla yanaşı, şəhərin simvolik açarı da təqdim olunur.
Qeyd edək ki, bu günədək “Tbilisinin fəxri vətəndaşı” adına layiq görülənlər sırasında beş Azərbaycan vətəndaşı da var. Onların həyat və fəaliyyətləri barədə məlumatlar “Tbilisinin fəxri vətəndaşları 1979-2016” adlı kitabda yer alıb.
“Tbilisinin fəxri vətəndaşı” adını alan ilk azərbaycanlı bu şəhərdə anadan olmuş görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi olub. O, bu ada 70 illik yubileyi münasibətilə 1982-ci ildə layiq görülüb.
Gürcüstan paytaxtının ikinci azərbaycanlı fəxri vətəndaşı məşhur müğənni, SSRİ Xalq artisti və Gürcüstanın Əməkdar incəsənət xadimi Rəşid Behbudovdur. Ona bu fəxri ad 1987-ci ildə verilib.
Fəxri vətəndaşlar arasında Azərbaycanın hazırkı iqtisadiyyat naziri Mikayıl Cabbarovun da adı var. O, bu ada 2009-cu ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olarkən layiq görülüb.
Azərbaycanlı iş adamı Şahin Mövsümov da Tbilisinin fəxri vətəndaşıdır. O, Gürcüstanda fəaliyyət göstərən “AS Georgia” şirkətinin təsisçisidir. Ş.Mövsümov 2012-ci ildən “Tbilisinin fəxri vətəndaşı”dır.
Gürcüstan paytaxtının beşinci azərbaycanlı “fəxri vətəndaşı” Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğludur. Fəxri ad ona 70 illik yubileyi münasibətilə 2015-ci ildə verilib.
Məlumat üçün bildirək ki, bu bayramın əsası 1979-cu ildə qoyulub.
“Tbilisoba” bayramı və “Tbilisinin fəxri vətəndaşı” adının verilməsi ənənəsi 1988-ci ildən 1995-ci ilə qədər dayandırılıb.
Lakin 1995-ci ildə “Tbilisoba” bayramının təntənəli keçirilməsi bərpa olunub və fəxri adın verilməsi də bayramın tərkib hissəsi kimi davam etdirilib.