"Qayaüstü təsvirlərin bərpası, demək olar, mümkün deyil".
Bunu Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib.
Onun sözlərinə görə, yazıların qorunması üçün edilən təkliflərin sonrakı aqibəti də naməlumdur: "Qayaüstü təsvirlər daha çox qayanın aşınması, müəyyən bakteriyaların həmin qayaları məhv etməsi zamanı sıradan çıxır. Məsələn, bizdə üzərinə "Roma" yazılan qaya parçası var. Bu yazı artıq məhv olmaq üzrədir. Onun qarşısını almaq üçün bir neçə versiya düşünürük, amma o versiyaların da sonrakı nəticəsi naməlumdur".
Qoruq direktoru sözügedən problemin dünyada da olduğuna toxunub: "Bu yaxınlarda Qazaxıstanda sırf bu mövzuda müzakirələr oldu. Belə belə bir təklif irəli sürüldü ki, qayalardakı təsvirlər üzərindən cızılmaqla bərpa olunsun. Ancaq biz bu təklifə dərhal etiraz etdik. Çünki qayaüstü təsvirlərə qətiyyən toxunmaq olmaz. Amma maraqlı burasındadır ki, onlar özləri bu üsuldan istifadə edirlər".