Hotellərdə qiymət artımının əsas səbəblərindən biri mövsümlə əlaqədardır. Qiymətlərin artımını daha çox yay aylarında müşahidə edirik. Mehmanxanalarda olan qiymətlərlə qonşu ölkələrdə olan qiymətləri müqayisə etdikdə onların eyni səviyyədə olduğunu görürük. Başqa sözlə Azərbaycanda mehmanxanaların təqdim etdiyi qiymətlər heç də Gürcüstanda olan qiymətlərdən baha deyil.
Bu sözləri Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyasının şöbə müdiri Məhəmməd Muradov jurnalistlərə verdiyi açıqlamasında deyib.
“Dövlət Turizm Agentliyi regionlarda turizmin inkişafı və tematik turizm məhsullarının hazırlanması istiqamətində çalışır. Görülən işlər əsasən təbiət, mədəniyyət, sağlamlıq və iş turizmi ilə bağlıdır. Məqsədimiz ölkəmizi ziyarət edən turistləri dar çərçivədən çıxarıb geniş ərazilərə, bölgələrə səfərlərini təşkil etməkdir. Ancaq statistika onu göstərir ki, bölgələrə səfər edənlər əsasən yerli turistlərdir. Eyni zamanda, şəhər ab-havasından çıxmaq istəyən xarici turistlərin sayında da son aylar artım müşahidə olunur”, - deyə Məhəmməd Muradov əlavə edib.