Koronavirus səbəbiylə Rusiyanın tətbiq etdiyi səyahət qadağaları iyulun 15-dən qaldırıldıqdan sonra Finlandiyaya gedən turistlərin sayında sıçrayış baş verib. Finlandiya bu ay 10 min rusiyalı turistə viza verib və ölkəyə daxil olan rusların sayı isə mətbuat orqanlarının paylaşdığı məlumata görə, 185 min olub.
Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburqdakı avtobus şirkətləri tələbatın yüksək olduğunu bildiriblər. Balt Car adlı nəqliyyat şirkətinin rəsmisi Sergey İvanov iki gündən bir səfər təşkil etdiklərini və son bir neçə həftədir bütün biletlərin satıldığını deyib.
Müxalif Milli Koalisiya Partiyasından olan Finlandiya parlamentarisi Jukka Kopra Rusiyaya turist vizalarının dayandırılmasını tələb edərək, "Bu vəziyyət dözülməzdir, Ukraynada dinc sakinlər, uşaqlar və qadınlar öldürülərkən, ruslar Avropa İttifaqında istirahət edir”, deyib.
Mühafizəkar partiyanın təklifinə hakim qanaddan dəstək gəlib, Finlandiya Sosial Demokrat Partiyasından olan Aki Linden məhdudiyyətlərin artırılmasının lazım olduğunu və hazırda Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı lazımi işləri gördüyünü bildirib. Nazirlikdən verilən açıqlamada bütün variantlara baxıldığı bildirilib.
Hadisələrdən sonra açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov Finlandiyanın belə bir addım atacağı təqdirdə çox mənfi reaksiya ilə üzləşəcəyini qeyd edib. O, hazırda Polşa, Litva, Latviya və Estoniya kimi Rusiya ilə həmsərhəd Şengen ölkələrinin ruslara viza verilməyi dayandırdığını söyləyib.