Hər il milyonlarla turistin üz tutduğu Antalya, Ekoloji Təhsil Fondu (FEE) tərəfindən idarə olunan “Mavi bayraq” kateqoriyasında yenə qalib olub.
“TRT Haber” Türkiyənin Ekoloji Təhsil Fonduna (TÜRÇEV) və Antalya “Mavi bayraq” koordinatoru Mustafa Ergiydirenə istinadən bu məlumatı yayıb.
İspaniyada belə bayraqların sayına görə Valensiya kurortu birinci olubsa, Türkiyədə Antalya qalib gəlib. Ötən il Türkiyə bölgəsində mavi bayraqların sayı 213, bu il isə 229 olub.
Mustafa Ergiydiren Antalyanın infrastrukturu və keyfiyyətli yerləşdirmə imkanları ilə “Mavi bayraq” nominasiyasında yenidən dünyada birinci olduğunu bildirib. Bu ad təkcə özəl otel çimərliklərinə deyil, həm də ictimai çimərliklərə verilib. Bunun üçün yerli hakimiyyət orqanları hər cür səy göstərir: çimərliklərin kanalizasiya infrastrukturunun vəziyyətini, onlara qoşulmuş təmizləyici qurğuların yoxlanmasının nəticələrini, mehmanxananın və ya ictimai çimərliyin lisenziyasını yoxlayırlar.
İstirahət edənlər üçün mavi bayraq çimərliyin təmizliyinin göstəricisidir. Buna uyğun olmaq üçün əyalət səhiyyə idarəsi hər 15 gündən bir dənizdən nümunələr götürür və yoxlamanın nəticələrini açıqlayır.