Milanın bələdiyyə sədri Cüzeppe Sala şəhərdə içməli sudan istifadənin minimuma endirilməsi ilə bağlı sərəncam imzalayıb.
Şəhərdəki fəvvarələr bağlanıb, yaşıllıq sahələrinin suvarılması dayandırılıb. Şəhər sakinlərindən həm məişət məqsədləri üçün, həm də şəxsi bağların və terraslardakı yaşıllıqların suvarılmasını minimuma endirmək tövsiyə olunub.
Quraqlıq səbəbindən Milanın yerləşdiyi Lombardiya regionunda sentyabrın 30-dək fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, bu il yağıntının az olması və son dövrlərdə yüksək temperatur səbəbindən İtaliyanın şimalında quraqlıq yaranıb. Ölkənin ən böyük çayı olan Poda son 70 ilin ən böyük quraqlığı qeydə alınıb və çayda suyun səviyyəsi 70 faiz azalıb.