Çexiya 2023-cü il mart ayının sonuna qədər humanitar vizalar istisna olmaqla, rusiyalılara və beloruslara viza və müvəqqəti yaşayış icazəsi verməyəcək.
Çexiya Milli Mətbuat və İnformasiya Agentliyinin məlumatına görə, XİN-in müvafiq qərarı ölkə hökuməti tərəfindən dəstəklənib. Qərar artıq yaşamaq icazəsi olan və onu uzatmaq istəyən Rusiya və Belarus vətəndaşlarına, həmçinin Çexiyada yaşamaq icazəsi olan əcnəbilərin ailə üzvlərinə şamil edilmir.
Məlumatda qeyd olunur ki, bu addım Çexiyanın xarici siyasət maraqlarını və təhlükəsizliyini təmin etmək, həmçinin Rusiyaya və Moskvanın Ukraynaya təcavüzünü dəstəkləyən Belarusa təzyiq göstərmək məqsədi daşıyır.
Xatırladaq ki, Çexiya fevralın 24-də Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb. Praqa eyni zamanda bu ölkənin Karlovı Varı və Brnodakı konsulluqlarının iş icazəsini ləğv etmək, həmçinin Çexiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki konsulluq idarələrini müvəqqəti bağlamaq barədə qərar qəbul edib.