Rusiyalı turistlər "nağd ödəniş" əsrinə geri qayıdıblar

Rusiyalı turistlər

Visa və Master ödəniş sistemləri Rusiyaya qarşı sanksiyalar çərçivəsində xidmətlərini dayandırdıqdan sonra rusiyalı turistlər bu sistemlərdən ödəniş edə bilmirlər. Rusiyalı turistlər Azərbaycanda, eləcə də Türkiyədə istirahətləri zamanı ödənişlərini əsasən nağd pulla edirlər. 

Türkiyədə Mir kart sistemindən istifadə problemlər yarandığı üçün hazırda ödəniş 90% nağdla aparılır.

Rusiyanın dünən verdiyi açıqlamaya görə, Türkiyədə Mir kartların bütün bankomat və POS cihazlarında işləməyə biləcəyi bildirilib. Rusiyanın “Mir” kartlarının operatoru, Rusiya Milli Ödəniş Kartları Sisteminin rəhbəri Vladimir Komlev bildirib ki, sanksiya tətbiq olunan banklar tərəfindən buraxılan “Mir” kartları Türkiyədəki bütün bankomat və POS cihazlarında işləməyə bilər.

RBK televiziyasına danışan Komlev, “Bəzi ölkələrdə, xüsusilə Türkiyədə, bəzi bankların ATM və POS cihazlarında baş verən hadisələrdən xəbərimiz var. Sözügedən banklar sanksiya tətbiq edilən Rusiya banklarının kartları ilə sanksiya tətbiq edilməyən bankların kartları arasında fərq qoydular, lakin bu, geniş hal deyil”, söyləyib.