Azərbaycanda bir dənə də olsun "Mavi bayraqlı" çimərlik yoxdur. Niyə?

Azərbaycana turist axınının artmasına mane olan amillərdən biri də ölkə çimərliklərində xüsusi statusun olmamasıdır.
Azərbaycanda bir dənə də olsun

Azərbaycana turist axınının artmasına mane olan amillərdən biri də ölkə çimərliklərində xüsusi statusun olmamasıdır. Çimərlik turizmi potensialı olan ölkələrə hər il çoxlu sayda turist gəlir. Əcnəbilər sanitar-gigiyenik normalara, təhlükəsizlik tələblərinə cavab verən, lazımi infrastruktura malik mavi bayraqlı çimərliklərə üstünlük verirlər.

Amma kifayət qədər uzun sahil zolağına malik Azərbaycan hələ də öz imkanlarından tam istifadə edə bilmir, Turizm Assosiasiyası rəhbərinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.

Bu mənada Türkiyəni misal göstərmək olar ki, turist axınının əsas səbəbi təmiz və baxımlı dəniz sahilidir.

“Mavi bayraq” çimərliyin keyfiyyətinin simvolu, onun sanitar normalara tam uyğunluğunun göstəricisidir. Onun olması o deməkdir ki, kanalizasiya suları dənizə axıdılmır, yaxınlıqda sənaye suları emissiyası yoxdur, ərazidə heyvan yoxdur, çimərlik mütəmadi olaraq təmizlənir, təhlükəsizlik təmin edilir, xilasedicilər işləyir”, Ağakərimov qeyd edir.

Onun sözlərinə görə, Avropada yay mövsümü başlamazdan əvvəl çimərliklər sertifikatlaşdırılır - xüsusi komissiya onları diqqətlə yoxlayır, onların qəbul edilmiş standartlara uyğunluğunu müəyyən edir. Ekspert qeyd edib ki, Antalya və Türkiyənin digər turizm bölgələrində çimərliklər “mavi bayraq” alıb, ona görə də yayda Rusiyadan çoxlu sayda turist ora gedir. Azərbaycan isə Xəzər sahilində yerləşməsinə baxmayaraq, çimərlik turizmi sahəsində geri qalır. Və sanitar-gigiyenik vəziyyət yaxşılaşana qədər status almaqdan danışmağa dəyməz.

Ağakərimov Xəzər sahillərinin çirklənməsi, təmizlənməmiş çirkab sularının dənizə atılması probleminin həll olunmadığını xatırladıb. Strateji yol xəritəsində göstərilir ki, “mavi bayraq” statusunun əldə edilməsi üçün səylər artırılmalı, Xəzər dənizinin regionda yay turizmi üçün daha cəlbedici olması üçün tədbirlər görülməlidir. Tədbirlər planında isə Xəzər dənizinin təmizlənməsi və sahildə yerləşən obyektlər üçün tənzimlənən təmizləyici qurğuların quraşdırılması öz əksini tapır.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, çimərliklərdə təmizləyici kollektorların quraşdırılması üzrə işlər mərhələli şəkildə aparılır və hazırda davam etdirilir. Qeyd edək ki, sahil monitorinqi hər il həyata keçirilir və burada Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları iştirak edir. Mərkəzin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, cari mövsümdə monitorinqlər mayın ortalarında başlayacaq. Onun sözlərinə görə, dənizdə e.coli-nin olması üçün məqbul norma 1 litrdə 5000 vahiddir:

“Bu il də dəniz suyundan nümunələr götürülərək laboratoriyada yoxlanılacaq. Nəticələr sahilyanı ərazilərdə suyun bakterioloji çirklənmə səviyyəsi müəyyən edildikdən sonra ictimaiyyətə açıqlanacaq. Bakteriyaların normadan artıq olduğu çimərliklər bağlanacaq”.

Mavi bayraq nədir? 

Mavi Bayraq - dünyada ən tanınan və geniş yayılmış beynəlxalq ekoloji keyfiyyət nişanıdır. 1987-ci ildən bəri sərt tələblərə cavab verən sahillər və limanlar üçün verilir. Mavi Bayraqla təltif olunmağın ilkin şərti hər cəhətdən əla suyun keyfiyyətidir. Proqram tərəfindən başqa heç bir keyfiyyət reytinqi, hətta "Yaxşı" da qəbul edilmir. Mükafat bir il müddətində etibarlıdır.

Bundan əlavə, çimərliklər üçün 33, marinalar üçün 38, qayıqlar üçün 51 meyar yerinə yetirilməlidir ki, bunlar təmizliyə, işin təşkilinə, məlumatlandırılmasına, çimənlərin və ziyarətçilərin təhlükəsizliyinə, sahil və sahil məkanının təbii ehtiyatlarının qorunmasına, habelə ümumilikdə ekoloji standartlara uyğunluq tələb edir.