19 May 2022, 09:52

Bu il Azərbaycana gələn ərəblərin sayı pandemiyadan əvvəlki səviyyəyə çatacaq

Bu il Azərbaycana gələn ərəblərin sayı pandemiyadan əvvəlki səviyyəyə çatacaq

2020-2021-ci illərdə turizm sektorunda görünməmiş enişdən sonra, Körfəz Əməkdaşlıq Şurası (GCC) regionundan Azərbaycana gələnlərin sayı, bu ilin sonuna kimi pandemiyadan əvvəlki səviyyəsinə çatacaq qədər yüksək sürətlə artmaqdadır.

Bunu Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Senqstşmid deyib.

O bildirib ki, 2019-cu ildə dünyanın müxtəlif ölkələrindən Azərbaycana 3,2 milyon turist gəlib, 2021-ci ildə isə bu rəqəm 1,1 milyona düşüb: “Bununla belə, pandemiyadan sonra GCC əsas bazarlarımız arasında ən sürətli bərpa olunan bölgədir. Məsələn, bu ilin I rübündə Səudiyyə Ərəbistanından gələn turistlərin sayı 2019-cu ildə gələnlərin ümumi sayını artıq ötüb”.

F. Senqstşmidin sözlərinə görə, ötən il Azərbaycan GCC-dən 32 mindən çox, təkcə bu ilin I rübündə isə 22 mindən çox səyahətçi qəbul edib: "Səudiyyə Ərəbistanından gələn turistlərin sayı pandemiyadan əvvəlki rəqəmlərlə müqayisədə 20 % artıb. Ümumilikdə, GCC ölkələri Rusiya və Türkiyədən sonra bizim üçün ən böyük bazardır və buna görə də çox əhəmiyyətlidir. GCC regionu daxilində isə ən böyük partnyorlarımız Səudiyyə Ərəbistanı, BƏƏ və Küveytdir".

O, Azərbaycanın bir sıra səyahət məhdudiyyətlərini yumşaltması ilə post-pandemiya dövründə turist axınının əhəmiyyətli dərəcədə artacağını gözlədiyini bildirib. Məsələn, səyahət edənlərin Azərbaycana gəlməzdən əvvəl PCR testindən keçməsinə ehtiyac yoxdur.

"Biz ATB olaraq xüsusi ilə qarşıdan gələn yay mövsümü üçün destinasiyalar və Azərbaycanın yeni təcrübələri haqqında məlumatlılığı artırmaq üçün GCC regionundakı bütün əsas aviaşirkətlər və turoperatorları ilə işləyirik.

Region üzrə marketinq fəaliyyətimizi genişləndiririk. Ər-Riyad Səyahət Sərgisində iştirak üçün Səudiyyə Ərəbistanına gedəcəyik, daha sonra isə Qətər, Dohada olacağıq.

Qətərdə baş tutacaq FIFA Dünya Kuboku ilə, biz ölkəyə gələn beynəlxalq qonaqlarla yanaşı Qətər vətəndaşları və sakinləri ilə daha çox əlaqə qurmağı səbirsizliklə gözləyirik",- F. Senqstşmid bildirib.

O əlavə edib ki, Azərbaycan Turizm Bürosu regiondakı tərəfdaşları ilə fəal işləyir, eləcə də onun müştəriləri və partnyorları ilə davamlı şəkildə əlaqə saxlamaq üçün GCC regionu üzrə ixtisaslaşmış mütəxəssis komandası var.