Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 330 679 turist səfər edib. Dövlət Turizm Agentliyinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
İlk dörd aylıq göstəricinin 84 402-si aprel ayının payına düşüb. Bu da 1 il əvvələ nisbətən 84,4 % çoxdur. 2022-ci ilin yanvar, fevral, mart və aprel aylarında 2021-ci ilin eyni dövrünə nisbətən turistlərin sayında müvafiq olaraq 105 %, 112 %, 112 % və 84 % artım qeydə alınsa da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 61 %, 56 %, 61 % və 64 % geriləmə olub. Başqa sözlə, turist sektoru koronavirus (COVID-19) pandemiyasından əvvəlki göstəricini bərpa edə bilməyib.
Eyni zamanda, bu ilin ilk 4 ayında Azərbaycana əsasən 15 ölkənin 300 483 vətəndaşı səfər edib. Siyahıda ilk üç yeri 86 644 nəfərlə Rusiya, 83 517 nəfərlə Türkiyə və 48 694 nəfərlə İran tutub.
Növbəti yerlərdə 20 038 nəfərlə Gürcüstan, 10 419 nəfərlə Ukrayna, 8 572 nəfərlə Səudiyyə Ərəbistanı, 7 919 nəfərlə Birləşmiş Ərəb Əmirlikləri, 6 351 nəfərlə Pakistan, 6 170 nəfərlə Hindistan, 4 943 nəfərlə Qazaxıstan, 4 289 nəfərlə Küveyt, 4 073 nəfərlə Birləşmiş Krallıq, 3 069 nəfərlə Almaniya, 2 954 nəfərlə Özbəkistan və 2 831 nəfərlə İsrail qərarlaşıb.