12 Aprel 2022, 14:37

Azərbaycan quru sərhədlərini nə vaxt açır? - Komitə sədrindən açıqlama

Uzun müddətdir ki, deputatlar bununla bağlı hökumətə çağırışlar edir
Azərbaycan quru sərhədlərini nə vaxt açır? - Komitə sədrindən açıqlama

Mayın 1-dən etibarən Azərbaycanın digər ölkələrlə quru sərhədlərinin açılacağı bildirilir. Sözügedən məsələ ilə bağlı hökumət səviyyəsində müzakirələr bitib və yaxın günlərdə aidiyyəti qurumun rəsmi açıqlaması olacaq. Uzun müddət idi ki, deputatlar da hökumətə bu barədə çağırışlar edirdi.

Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Bizim.media"ya bildirib ki, quru sərhədlərin açılması məsələsində ləngiməyin bir adı yoxdur. Deputat quru sərhədlərin turizm mövsümü ərəfəsində açılmasını vacib hesab edir:

"Azərbaycana gələn istər xarici vətəndaşlar, istərsə də Rusiya və digər ölkələrdə yaşayan həmvətənlərimiz öz işlərini planlamalıdırlar. Nəhayət ki, quru sərhədləri açmaq və nəzarəti yumşaltmaq lazımdır. Türkiyədən gələn vətəndaşlarımızdan mütləq test tələb olunur, test nəticəsi olmayanı təyyarəyə buraxmırlar. Testi elə Bakıda etmək lazımdır. Onun bizə nə xeyri var? Nümunə elə Bakıda götürülsün, nəticə pozitiv çıxacaqsa, burada da nəzarətə götürülsün. Bu prosedurları bir qədər yüngülləşdirmək lazımdır".

Qeyd edək ki, quru sərhədlər 2020-ci ilin martından etibarən bağlıdır və səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə reallaşır.