4 Aprel 2022, 12:08

Azərbaycan turistlərin sərhəd-keçid məntəqələrindən sadə keçidini təmin edəcək

Azərbaycan turistlərin sərhəd-keçid məntəqələrindən sadə keçidini təmin edəcək

Azərbaycanda “Sərnişinlərə dair ilkin məlumat” (API) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemlərinin qurulması səyahətçilərin gömrük-sərhəd buraxılış məntəqələrindən sürətli keçidini təmin edəcək.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bunu DGK sədr müavini Cavad Qasımov Qətərin Doha şəhərində keçirilmiş Texniki Yardım Benefisiarlarının İllik Forumunda çıxışı zamanı bildirib.

"Azərbaycanda API və PNR sistemlərinin müvəffəqiyyətlə qurulması və istifadəsi, məlumatların dövlət orqanlarına əvvəlcədən ötürülməsi və səmərəli risk sisteminin tətbiqi nəzərdə tutulur. Bu tədbir dövlət qurumları, aviaşirkətlər və digər maraqlı tərəflər arasında mövcud prosedurların sadələşdirilməsi, məlumat analizi bazalarının inkişaf etdirilməsi, gömrük nəzarətinin idarəedilməsi üçün risk əsaslı modelin yaradılması və idarəetmə strategiyasının gücləndirilməsinə imkan yaradacaq", - C. Qasımov bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, bu sistemlərin istifadəyə verilməsi ölkəmizin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların, eləcə də terrorizm və qaçaqmalçılığın, transmilli cinayətkarlığın, o cümlədən çirkli pulların yuyulmasının qarşısının vaxtında alınması, həmçinin milli qanunvericiliyin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Ümumdünya Gömrük Təşkilatının sənədlərinə, o cümlədən Çikaqo Konvensiyasının 9-cu əlavəsinin 9-cu fəslində göstərilmiş beynəlxalq standartlara, öhdəliklərə və tövsiyələrə uyğunlaşdırılmasına imkan yaradacaq.

C. Qasımov qeyd edib ki, “Azərbaycanda “Sərnişinlərə dair ilkin məlumat” (API) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemlərinin qurulması” üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupa Dövlət Gömrük Komitəsi rəhbərlik edir: “Həmin sahənin inkişaf etdirilməsi məqsədilə Terrorizmə qarşı Mübarizə İdarəsinin timsalında BMT ilə Azərbaycan arasında sözügedən təşkilatın “Terrorçuların səyahətinə qarşı mübarizə Proqramı” layihəsi çərçivəsində 2019-cu ildən bugünədək qarşılıqlı əməkdaşlıq həyata keçirilir”.

Bundan əlavə, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamının icrası üzrə görülən işlər çərçivəsində məlumatların əvvəlcədən gömrük və sərhəd orqanlarına ötürülməsinin təmin edilməsi və səmərəli risk sisteminin tətbiqi səyahətçilərin gömrük-sərhəd buraxılış məntəqələrindən vaxt itkisinə məruz qalmadan sadələşdirilmiş qaydada buraxılışına mühüm təsir göstərəcək.

C. Qasımov onu da bildirib ki, birgə fəaliyyət nəticəsində bu il yanvarın 25-də DGK-nın nəzdində Sərnişin Məlumat Mərkəzi açılıb. Hazırda əsas hədəf qısa müddət ərzində “goTravel” risk idarəetmə sisteminin tətbiqinə başlamaqdır.

Qeyd edək ki, BMT-nin Terrorizmə qarşı Mübarizə İdarəsinin və Qətər Dövlətinin təşkilatçılığı ilə keçirilən Foruma texniki yardım üzrə benefisiar ölkələrin, donorların və potensialın artırılması üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri qatılıb.

Forumun “Benefisiar perspektivləri: Terrorizmin qarşısının alınmasında texniki yardım və potensialın artırılması üzrə dəstəyin təsirinin genişləndirilməsi” mövzusunda panelində çıxış edən C. Qasımov Azərbaycan gömrük orqanlarının sərnişinlər və fiziki şəxslərin gömrük sərhədindən keçidi zamanı səmərəliliyin artırılması və təhlükəsizliyin təmin edilməsi sahəsində gördüyü işlər barədə məlumat verib.

Azərbaycan Dövlət Gömrük Komitəsi 2020-ci ildən BMT-nin Qlobal Antiterror Strategiyasının həyata keçirilməsi məqsədilə təşkilatla əməkdaşlığı genişləndirilib.