23 Mart 2022, 12:30

“Rusların axını” nəticəsində Türkiyədə və Gürcüstanda kirayə evlər kəskin bahalaşdı

“Rusların axını” nəticəsində Türkiyədə və Gürcüstanda kirayə evlər kəskin bahalaşdı

Rusların axını nəticəsində Türkiyənin sahil şəhərlərində ev kirayələri 3 dəfəyə qədər bahalaşdı. Türkiyə mətbuatı yazır ki, Rusiyanın Ukraynaya hücumundan sonra rusların Türkiyənin sahilyanı şəhərlərinə marağı artıb, iri şəhərlərdə belə mənzil kirayələri iki dəfə artdı.

Rusiya mətbuatının daşınmaz əmlak şirkətlərinin məlumatlarına əsaslanaraq verdiyi xəbərə görə, Rusiya vətəndaşlarının Antalya və Alanyada kirayəlik ev tələbi son dövrdə təxminən 4 dəfə artıb. Bildirilir ki, əvvəllər ayda 200-600 dollar civarında olan icarə haqları bu gün 2,5-3 dəfə artıb.

Just Real Prime Broker-in məlumatına görə, İstanbul, İzmir, Bodrum və Fəthiyədə bəzi mənzillərin kirayələri 2-3 dəfə artaraq ayda 1000-1500 dollar səviyyəsinə çatıb. Digər tərəfdən təklif qıtlığı səbəbindən kirayə mənzil tapmağın çətin olduğu və bəzi ev sahiblərinin 6 aylıq avans tələb etdiyi vurğulanır.

Rusiya vətəndaşlarının üstünlük verdiyi Ermənistan və Gürcüstanda da kirayə haqqının 1,5 dəfə artdığı, məsələn, Tiflisdə ən aşağı aylıq kirayələrin fevral ayı ilə müqayisədə 30-50 faiz artaraq 450-500 dollara çatdığı bildirilir.