Gürcüstanda martın 28-dən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.
Dövlət Qurumlarıarası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Giorgi Qibradze brifinqdə bildirib ki, martın 28-dən etibarən Gürcüstanda açıq havada qoruyucu maska taxmaq tələbi, ictimai iaşə obyektlərinə, eləcə də idman, incəsənət və digər tədbirlərlə bağlı say məhdudiyyətləri ləğv ediləcək.
Qərargah rəhbəri qeyd edib ki, distant qaydada çalışanlar işə dönə biləcəklər və PCR test olmadan Gürcüstana qayıdan ölkə vətəndaşları özünütəcrid öhdəliyindən azad olunacaqlar.