22 Fevral 2022, 18:22

Azərbaycan "Palçıq Vulkanları Turkompleksi"nin tikintisini davam etdirir

Kompleksə gedən 20 kilometrlik yol demək olar ki, yekunlaşıb
Azərbaycan

Azərbaycanda ölkənin ilk Palçıq Vulkanları Turizm Kompleksinin tikintisi üzrə işlər davam etdirilir. Bu barədə Trend-ə Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib.

Layihəyə uyğun olaraq turizm kompleksinin ərazisində inzibati bina, turistlər üçün məlumat mərkəzi, turizm praktika mərkəzi, kafe və restoranlar, suvenir mağazası tikiləcək. Həmçinin avtomobillər üçün dayanacaq, kvadrosikllər üçün qaraj, su çənləri və nasos stansiyası da olacaq.

Bundan əlavə, Qobustan qoruğundan Palçıq Vulkanları Turizm Kompleksinə qədər olan 20 kilometrlik yolun tikintisi demək olar ki, başa çatıb.

Xatırladaq ki, Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, dəniz səviyyəsindən 235 metr yüksəklikdə yerləşən ərazidə yaradılır. Bu yer Qılınc palçıq vulkanlarının ərazisi kimi tanınır. Ərazinin turizm potensialı qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb.