17 Fevral 2022, 14:31

Nazir: “Azərbaycanda kənd turizmi böyük potensiala malik sahədir”

Nazir: “Azərbaycanda kənd turizmi böyük potensiala malik sahədir”

“Kənd turizmi Azərbaycanda qeyri neft sektorunun inkişafı baxımından böyük potensiala malik olan sahələrdən biridir”.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroekoturizm Sisteminin yaradılması" mövzusunda seminarda deyib.

Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd ölkədə aqroturizmin inkişaf potensialı, bu sahədə görülmüş və gələcəkdə icrası nəzərdə tutulan işlər barədə birgə fikir mübadiləsi aparmaqdır: “Kənd yerlərinin inkişafı, xüsusilə də kənd turizminin canlanması günümüzün aktual mövzularından biridir. Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi islahatlar həyata keçirir. Bu islahatlar nəticəsində aqrar sahə dinamik inkişaf edir. Kənd təsərrüfatının inkişafı təkcə elm, təhsil, məşğulluq, innovasiya, ticarət kimi sahələrin deyil, turizm kimi sahələrin inkişafına da təkan verir. Kənd turizminin daha da inkişaf etdirilməsi regionlarda məşğulluq səviyyəsinin artmasına, təsərrüfat sahiblərinin gəlirlərinin çoxalmasına müsbət təsir göstərəcək. Həyata keçirdiyimiz aqroekoturizm layihələri pandemiya dövründə çətinliklərlə üzləşən daxili turizmin yenidən canlanmasına öz töhfəsini verəcək”.