15 Fevral 2022, 15:39

Ağdam işgüzar turizmin inkişafına diqqət yetirəcək - VİDEO

Ağdam işgüzar turizmin inkişafına diqqət yetirəcək - VİDEO

Ağdamın turizm potensialı genişdir və şəhərin Baş Planına uyğun olaraq bu potensialın işgüzar turizm imkanları dəyərləndirilir.

Bunu açıqlamasında ölkə başçısının ötən gün Ağdama səfəri zamanı “Park Forest Otel Ağdam” hotelinin təməlqoymasında iştirakını və regionun turizm potensialından maksimum istifadə imkanları ilə bağlı məsələləri şərh edən Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə deyib.

“Əlbəttə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı genişdir və turizm infrastrukturunun qurulması bu potensialdan istifadə edilməsi üçün bir zərurətdir”, - deyə K. Quluzadə bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə turizm marşrutları, turizm məhsulları, turizm infrastrukturu və s. yaradılır və yaradılacaq: "Bu ərazilərin turistik destinasiya kimi dəyərləndirilməsi üçün çox böyük maraq var. Bizim xaricdə keçirdiyimiz tanıtım tədbirlərində də böyük marağı görürük. Bu həm turizm potensialının istifadəsidir, həm yeni iş yerlərinin açılması, həm də oxşar layihələrin həyata keçirilməsidir. Bu isə təbii ki, gələcəkdə regionun inkişaf etməsini təmin edən bir istiqamətdir”.

K.Quluzadə hesab edir ki, hazırda görülən işlər böyük planın ilkin addımlarıdır:

“Artıq bilirsiniz ki, işğaldan azad edilmiş Şuşada hotellər inşa edilərək təhvil verilib. Ağdamda isə hotelin təməlqoyması baş tutdu. Əlbəttə ki, digər regionlarda da dövlət və özəl investisiyaları cəlb etməklə hotellər tikiləcək. O cümlədən həm turistik potensialın yüksək olduğu yerlərdə, həm də loqistik mərkəzlərdə yerləşdirmə obyektləri kimi tikiləcək. Bu davamlı bir prosesdir. Biz indi bunun başlanğıcındayıq. Şəhərlərin, regionların baş planlarına uyğun olaraq belə hotellərin tikilməsi nəzərdə tutulur”.

DTA rəsmisi Ağdamda əsasən işgüzar turizm potensialının genişləndirilməsi imkanlarının olduğunu da qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdama səfər edib. Səfər zamanı ölkə başçısı bir sıra təməlqoymalarda, həmçinin “Park Forest Otel Ağdam” mehmanxanasının təməlqoymasında iştirak edib.