1 Fevral 2022, 12:56

Amerika turist vizalarını bahalaşdırır

Amerika turist vizalarını bahalaşdırır

Bayden administrasiyası qeyri-immiqrasiya vizalarının demək olar ki, hamısına görə rüsumun artırılmasını təklif edib.

Bunu administrasiya rəsmiləri bəyan ediblər. Onlar qeyd ediblər ki, vizaların qiymətini onların verilməsi ilə bağlı xərclərlə daha yaxşı uzlaşdırmaq üçün bu tədbir zəruridir. Lakin siyasətçilərin çoxu ehtiyat edir ki, əgər administrasiya vizanı gözləmə müddəti ilə bağlı problemi həll etməsə, rüsumun artırılması turizm və tələbə vizaları almaq istəyənlərin sayının azalmasına gətirib çıxara bilər.

Federal reyestrin məlumatına görə, Dövlət Departamenti yeni qiymətlərin sentyabr ayına qədər qüvvəyə minəcəyini gözləyir və təklif edilən artımla bağlı şərhləri fevralın 28-nə qədər qəbul edəcək. Dövlət Departamentinin məlumatlarından görünür ki, viza barədə müraciətlərin çoxu turizm, biznes və təhsilə aiddir.

Qeyri-immiqrasiya vizası onun sahibinə ABŞ-da turist kimi səyahət etmək və ya müəyyən şərtlər daxilində bu ölkədə müvəqqəti yaşamaq, işləmək və ya təhsil almaq imkanı verir. Turist vizası (B1, B2) və tələbə vizası (F, M, J) almaq üçün rüsum artırılaraq 160 dollardan 245 dollara çatacaq, yəni 54 faiz artacaq, iş vizalarının (H, L, O, P, Q, R) qiyməti isə 190 dollardan 310 dollara çatacaq, yəni 63 faiz artacaq.

Amerika immiqrasiya sistemi probleminin həlli Prezident Co Baydenin əsas seçkiqabağı vədlərindən biri idi. Bayden prezident vəzifəsinin icrasına başlayan kimi “ABŞ vətəndaşlığı haqqında 2021-ci il Qanunu” adlı sənədi təsdiqləyib. Bu əsaslı immiqrasiya islahatına görə təqribən 11 milyon qeyri-leqal immiqrantın vətəndaşlıq almaq üçün 8 il gözləməsi, vizalarla bağlı yarımçıq işlərin tamamlanması və digər dəyişikliklər nəzərdə tutulur. Lakin respublikaçılar bu qanun layihəsinin Konqresdə qəbul edilməsinə imkan vermədilər və çoxları hesab edir ki, hər iki palata bu layihəni bəyənməyəcək.

Əvvəllər “Xarici tələbələrə məsləhətçilərin Milli Assosiasiyası” (NAFSA) adlanan “Beynəlxalq Pedaqoqlar Assosiasiyası” tərəfindən aparılmış araşdırmaya görə, 2018-2019-cu dərs ilində Amerika kollec və universitetlərində təhsil alan əcnəbi tələbələr ABŞ iqtisadiyyatına təqribən 41 milyard dollar gəlir gətirib və 458.290 iş yeri yaradılmasını təmin ediblər. 2020-2021-ci il tədris ilində isə, - əsasən pandemiya səbəbindən, - bu göstərici 27 faiz və ya 10,3 milyard dollar azalıb, yəni həmin tədris ilində əcnəbi tələbələr ABŞ iqtisadiyyatına 28,4 milyard dollar xeyir veriblər.