31 Yanvar 2022, 14:28

Azərbaycan vətəndaşlarının Qarabağa səfərlərinin sayına heç bir məhdudiyyət qoyulmayacaq

Azərbaycan Şuşaya həftəlik avtobus reyslərinin sayını artırır
Azərbaycan vətəndaşlarının Qarabağa səfərlərinin sayına heç bir məhdudiyyət qoyulmayacaq

Azərbaycan hökuməti Şuşa şəhərinə (Qarabağ regionu) həftəlik avtobus reyslərinin sayını artırmağı qərara alıb, həmçinin işğaldan azad edilmiş ərazilərə səfərlərin sayına olan məhdudiyyəti aradan qaldırır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verir.

Xəbər verildiyi kimi, yanvarın 24-də Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.
“Bu günə qədər Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Belə ki, təhlillər nəticəsində Bakı–Şuşa–Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı–Şuşa–Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək”, - məlumatda qeyd olunur.
Bundan əlavə, işğaldan azad edilmiş ərazilərə səfərlərin sayına olan məhdudiyyət aradan qaldırılır. İlkin olaraq hər bir Azərbaycan vətəndaşının ildə yalnız bir dəfə Şuşa və Ağdama avtobus marşrutu ilə səfəri planlaşdırılırdı. Lakin hazırda bu məhdudiyyətlər aradan qaldırılır.