7 Yanvar 2022, 17:53

Azərbaycanda pandemiyadan əvvəlki turist axını 2023-cü ildən tez qayıtmayacaq

2021-ci ildə məhdudiyyətlərin yumşaldılması fonunda turist axınında müəyyən artım oldu
Azərbaycanda pandemiyadan əvvəlki turist axını 2023-cü ildən tez qayıtmayacaq

Azərbaycan turist axını üzrə pandemiyadan əvvəlki göstəricilərə 2023-cü ildə çata biləcək. Dövlət Turizm Agentliyinin (DTA) rəhbəri Fuad Nağıyev belə hesab edir.

“Əminliklə demək olar ki, Azərbaycan postpandemiya dövrü üçün turistlərin tələbat və gözləntilərini qarşılamağa hazırdır. Ümumilikdə isə beynəlxalq təşkilatların da qiymətləndirmələrinə əsasən pandemiyadan əvvəlki vəziyyəti ciddi şəkildə ancaq 2023-cü ildən bərpa etmək mümkün olacaq. Ümid edirik ki, Azərbaycanda da 2019-cu ilin göstəricilərinə 2023-cü ildə çata biləcəyik və növbəti illərdə daha çox artıma nail olacağıq”, - deyə F.Nağıyev “Milli Məclis” jurnalına müsahibəsində bildirib.

O qeyd edib ki, 2021-ci ildə Azərbaycan bir sıra beynəlxalq turizm sərgilərində iştirak edib. Bu sərgilərdə yeni istiqamət – işğaldan azad olunmuş ərazilər nəzərə alınmaqla ölkənin turizm potensialı nümayiş etdirilib. F.Nağıyev Şuşa şəhərinin turizm potensialını xüsusilə vurğulayıb.

“Qarabağın milli və təhlükəsiz turizm zonası kimi tanıdıl­masına nail olmaq üçün uzunmüddətli strategiyanın hazırlanması və mərhələli şəkildə icrası zəruridir. Bütövlükdə Qa­rabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur böl­gələri turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, dağ və qış turizminin inkişafı üzrə zəngin resursla­ra, geniş imkanlara malikdir”, - deyə DTA rəhbəri vurğulayıb.

2019-cu ildə Azərbaycana rekord sayda - 3,2 milyon nəfərə yaxın turist gəlib.

2020-ci ildə ölkəyə turist axını COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərlə əlaqədar 4 dəfə - 795,7 min nəfərə qədər azalıb.

2021-ci ildə bir sıra məhdudiyyətlərin yumşaldılması fonunda turist axını bir qədər artıb.