6 Yanvar 2022, 15:57

Azərbaycanda turoperator və turagentlər mülki məsuliyyət sığortası almalı olacaqlar

Azərbaycanda turoperator və turagentlər mülki məsuliyyət sığortası almalı olacaqlar

Hazırda Milli Məclisdə müzakirələri aparılan "Turizm haqqında" yeni qanun layihəsi “mehmanxa­na” kateqoriyasına aid olan yerləşmə vasitələri üçün ulduzlaşmanın məc­buri olması, ölkədə fəaliyyət göstərən turoperator və turagentlər üçün mülki məsuliyyət sığortasının müəyyən edil­məsi, turizm bələdçiliyi üzrə sertifi­katlaşdırma, turizm assosiasiyalarının yaradılması, rekreasiya zonaları, turist­lərə yardım mərkəzlərinin formalaşdı­rılması və s. bu kimi vacib məsələləri əhatə edəcək.

Bu barədə Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, ölkəmizdə də turizm üzrə yeni inkişaf istiqamətləri forma­laşıb:

“Hazırda qüvvədə olan “Turizm haqqında” Qanun 1999-cu ildə qəbul olunub. Ötən müddət ərzində dövlət səviyyəsində ölkəmizdə turizmin inkişafı istiqamətində genişmiqyaslı işlər həyata keçirilib. Turizmin ölkə iqtisa­diyyatının aparıcı sahəsinə çevrilməsi prioritet məqsəd kimi qarşıya qoyulub.

Həmçinin Azərbaycanda son illərdə beynəlxalq standartlara cavab verən turizm infrastrukturu və turizm xidmətləri yaradılıb. Dinamik dəyişən inkişaf tendensiyaları, yeni qlobal ça­ğırışlar, müasir beynəlxalq standartlar, ölkəmizin turizm potensialının istifadə imkanlarının genişləndirilməsi kimi amillər bu sahədə qanunvericilik bazası və dövlət tənzimlənməsi üzrə yeni ya­naşma tələb edirdi. Qeyd etdiyimiz yeni yanaşma yeni turizm münasibətlərini və formalaşmaqda olan turizm sənayesinin tənzimləmə mexanizmlərini, turizm eh­tiyatlarının səmərəli istifadə qaydalarını və digər məsələləri müəyyən edən yeni qanun layihəsinin hazırlanmasını zəruri etdi. Turizm haqqında qanun layihəsi ca­ri ilin dekabrın 14-də artıq Milli Məclisin plenar iclasında birinci oxunuşda təsdiq edilib".

F. Nağıyev hesab edir ki, eyni zamanda, bütün bu mexanizmlər dayanıqlı və məsuliyyət­li turizmin inkişafına xidmət edərək turizm sənayesi subyektləri üzərində ağır öhdəliklər yaratmadan turizm sənayesində bazar qiymətlərinin for­malaşmasına, xidmət keyfiyyətinin artırılmasına və istehlakçı hüquqlarının qorunmasına öz təsirini göstərəcək:

"İnanırıq ki, yeni qanun turizm sekto­runda davamlı iqtisadi fəallığı dəstəklə­yərək sənayenin, dövlət orqanlarının və turistlərin məsuliyyətli davranışı üçün əsaslar yaradacaq. Qanun layihəsində qeyd olunan va­cib məqamlardan biri də ölkənin turizm ehtiyatları və sənayesi barədə məlumat­ları özündə ehtiva edən vahid turizm informasiya bazası rolunu oynayacaq Turizm Reyestrinin yaradılmasıdır.

Əminik ki, turizm üzrə yeni qanun layihəsi ölkəmizdə dayanıqlı turizmin inkişafına nail olmaq istiqamətində mü­hüm addım olacaq və bu sahədə möh­kəm hüquqi baza rolunu oynayacaq”.