Qızılı payızda Budapeşti gəzmək üçün 10 ƏN GÖZƏL SƏBƏB

Bakı-Budapeşt birbaşa reysi var, PZR test verirsiz və yolçu yolda gərək
Qızılı payızda Budapeşti gəzmək üçün 10 ƏN GÖZƏL SƏBƏB

Gözoxşayan mənzərələri, işıqlı küçələri, ləzzətli yeməkləri, tarixi məbədləri və turistik yerləri çox gözəldir. Üstəlik Bakı-Budapeşt birbaşa reysi var. Bu ay tətil istiqaməti olaraq tövsiyəmiz Budapeştdir.

 

Budapeşt haqqında nə bilirik?

Macarıstanın paytaxtı olan Budapeşt, Mərkəzi Avropanın görməli yerləri arasında ən populyar şəhərlərdən biridir. Keçmişdə Roma və Osmanlı hakimiyyəti altında olan şəhər tarixi baxımından çox zəngindir. Memarlığı, yüzlərlə turistik yeri ilə daim ziyarətçilərin diqqət mərkəzindədir. Budapeşt, maraqlı küçələri, termal hamamları, geniş parkları və bağları, məşhur adaları, ikonik körpüləri, memarlığı və muzeyləri ilə mütləq gəzməyə dəyər bir şəhərdir.

Dunay çayı qərb sahili Buda və şərq sahili Peşt olmaqla Budapeşti iki hissəyə ayırır. Budapeşt 23 bölgədən ibarətdir. Bu bölgələrdən altısı Dunay çayının qərb sahili olan Buda-da, on altısı şərq sahili Peşt-də, biri isə Cubele adasında yerləşir.

Peşt hissəsi şəhərin müasir simasını simvolizə edir. Bu hissədə küçələr daha çoxdur, mağazalar və muzeylər turistlərlə doludur. Buda tərəfi isə şəhərin daha çox tarixi hissəsidir.

Əvəvlcə Budapeştin görməli yerləri haqqında.

 

Zəncir körpüsü

1840-1849-cu illər arasında inşa edilib, macar dilində “Lanchid” adlanan Zəncir körpüsü şəhərin və Macarıstanın simvollarından biridir. Buda ilə Peşti birləşdirən körpü, Dunay çayı üzərindədir, gözəl mənzərəsi ilə yanaşı, körpünün giriş hissəsindəki aslan heykəlləri də diqqəti cəlb edir. Zəncir Körpünün hər iki tərəfində piyadalar üçün yol var və bu yolla gəzintiyə çıxa bilərsiniz.

Parlament binası

Dunay çayı sahilində yerləşən Parlament Binası 1885-1902-ci illərdə inşa edilib. Macarıstan Milli Assambleyasının sessiyalarına ev sahibliyi edən bu bina hündürlüyü və qotik quruluşu ilə memarlığı sevənləri valeh edir. Binanın daxili naxışlarında 40 kiloqram qızıl və 240 heykəldən istifadə edilib, 691 otaqdan ibarətdir.

Buda qalası

1265-ci ildə tikilmiş Buda qalası Barokko memarlıq üslubunu əks etdirir və keçmişdə Kral Sarayı olub. Hazırda qalanın içərisində bir çox əhəmiyyətli muzey fəaliyyət göstərir.

Balıqçı istehkamı

Matthias Kilsəsinin tam arxasında yerləşən Balıqçı istehkamı, neoqotik memarlığının izlərini daşıyır. Qala 7 qüllədən ibarətdir və qüllələrin hər biri 7 Macar tayfasını əks etdirir. 1899-cu ildə tikilməyə başlayan və 1905-ci ildə tamamlanan qala, görməli olduğunuz yerlərdən biridir.

Qəhrəmanlar Meydanı

Bu meydan macarların Avropaya gəlişinin 1000 illik tarixi münasibətilə 1895-1932-ci illərdə tikilib. Meydan ad qazanmış şəxslərə həsr olunub və mərkəzində yerləşən Millennium Abidəsi çox məşhurdur. Bu 36 metrlik sütunun yuxarı hissəsində Baş Mələk Cəbrayıl bir əlində Macarıstanın ilk kralı Müqəddəs Stefanın tacını, digər əlində isə xaçpərəstliyin simvolu olan xaçı tutur. Sütunun alt hissəsində isə Macar qəhrəmanlarını tərənnüm edən altı heykəl var. Bürüncdən hazırlanan bu heykəllərin hər biri fərqli bir mənanı verir.

Abidənin qarşısında, dəmir qəfəsdə “naməlum əsgərin məzarı” var. Bu simvolik məqbərə Macarıstanın müstəqillik mübarizəsində həyatını itirən əsgərlərin xatirəsinə ucaldılıb.

Unutmayın! Qəhrəmanlar Meydanı ətrafında yerləşən City Parkını, Szechenyi Termal Hamamını və Budapeşt İncəsənət Muzeyini də ziyarət etmək üçün vaxt ayırsanız uduzmazsız.

Andrássy prospekti

Andrássy prospekti şəhərin ən “havalı” küçəsidir, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Royal Opera House, Pest Broadway, Franz Liszt Square, Academy of Music, Oktogon, House of Terror, University of Fine Art, Zoltán Kodály Memorial Museum və Ferenc Hopp East-Asian Art Museum bu məşhur küçə boyunca görüləcək yerlər arasındadır.

Andrássy prospekti eyni zamanda məşhur alış-veriş küçəsidir. Bir çox məşhur markaların butik mağazaları, əla kafe və restoranları buradadır.

Great Market Hall və ya Central Market Hall

Böyük Market Budapeştin ən məşhur alış-veriş yerlərindən biridir. 1897-ci ildə açılan bu bazarda təzə meyvə və tərəvəzdən, tekstil və suvenirlərə qədər geniş çeşiddə məhsullar təqdim olunur. Üç mərtəbədən ibarət bu nəhəng və valehedici bina şəhərin ən böyük qapalı bazarıdır. İctimai bazarları sevənlər adi bazarlara bənzəməyən bu marketi ziyarət etməyi unutmasınlar. Alış-veriş etsəniz də etməsəniz də mütləq görməyə dəyər.

Dunay çayı sahili və ayaqqabı abidələri

Dunay çayı sahilindəki 60 cüt bürünc ayaqqabıları görmədən Budapeştdən ayrılmayın. Bu ayaqqabılar İkinci Dünya Müharibəsində həyatını itirmiş budapeştli yəhudilərin xatirəsinə həsr olunmuş soyqırım abidəsidir.

Qallert Təpəsi

Budapeştin panoramik mənzərəsinə məhz Qallert Təpəsindən baxmaq lazımdır. Qallert Təpəsində həmçinin bir çox abidə, heykəl və kilsələri də ziyarət etmək fürsətiniz olacaq.

Szechenyi Termal Bulaqları

Termal hamamlar şəhəri gəzənlər üçün ən yaxşı istirahət yerlərindən biridir. Szechenyi termal hamamı (Széchenyi Fürdő), Avropanın ən böyük müalicəvi spa və hamamlarından biridir. Neo-Barokko üslubunda inşa edilən kompleksdə qapalı və açıq hamamlar, buxar otaqları, sauna otaqları, idman mərkəzi, restoran və SPA mərkəzi var. Budapeşti gəzib burada yaxşıca dincələ bilərsiz.

Budapeştdə şəhər nəqliyyatı

Budapeştdə olarkən avtobus, metro, tramvay və trolleybusdan da istifadə edərək asanlıqla şəhəri gəzə bilərsiniz.

Budapeştdə təcili telefon nömrələri: 

Təcili yardım: 112

Polis: 107

Yanğın: 105

 

Budapeştə təyyarə reysi  

Biletin qiyməti uçuş ayından asılıdır, birinci klassı və biznes-klassı çox öncədən bron etmənizi məsləhət görürük. Ekonom-klass üçün də bilet bron edəcəksinizsə çox uzatmayın - bunu 2-4 ay öncədən edin. Bu reys üzrə ən ucuz biletlər həftənin çərşənbə və cümə axşamı günləri olur. Bir qayda olaraq, istirahət günləri biletlər baha olur. 3) Ayrı-ayrılıqda gediş və gəliş bileti almaqdansa eyni anda birdəfəlik hər iki istiqamətə bilet almaq daha sərfəlidir.

Bakı şəhərindən Budapeşt şəhərinə məsafə 2564 кm.-dir. Bakı-Budapeşt marşrutu üzrə uçuşu Wizz Air Hungary şirkəti həyata keçirir.

Oktyabr ayı üzrə reyslər həftədə bir dəfə (Budapeştdən bazar günü, Bakıdan isə bazar ertəsi günü yola düşür), noyabr ayından etibarən isə həftədə iki dəfə (cümə axşamı və bazar günləri) həyata keçiriləcək.

Turizm səyahəti üçün şengen vizası alınmalıdır. Vizanın qiyməti 35 avrodur. Bundan başqa, səyahət sığortası, bank hesabı haqqında son bir ayda verilmiş arayış, biometrik foto, iş yerindən son 6 aylıq əmək haqqı üzrə arayış və s. tələblər var. Ətraflı: MƏQSƏD - TURIZM | Macarıstanın Bakıdakı Səfirliyi (gov.hu)

Teqlər: