Son illərdə azərbaycanlı gənclər arasında kempinq xeyli populyar olub. Bunun bir səbəbi sosial mediada paylaşılan şəkillərdən yaranan həvəs olsa da, digər səbəbi pandemiyaya görə ölkədaxili turizmin məşhurlaşmasıdır. Kempinq evdən kənarda, təbiətdə (meşə, dağ, su hövzəsi və s. kənarı) yurd yaradaraq çadırda və ya kempervanda gecələməyə deyilir.
Kempinq üçün nə lazımdır?
Çadırda gecələmək üçün üç vacib şey var: Çadır, mat (matras) və yuxu kisəsi. Bunların hər üçünün növü hava şəraiti, ilin fəsli, gedəcəyiniz yerə görə dəyişir. Yay vaxtı, yağışsız və isti havada adi çadırdan, 20 dərəcə hava temperaturu üçün nəzərdə tutulan yuxu kisəsindən və 1 sm qalınlıqlı matdan istifadə etmək olar. Çadır alan zaman diqqət edin ki, yaxşı havalanan olsun. Eyni zamanda, əgər kamp quracağınız məkana qədər piyada gedəcəksinizsə, çadırın yüngül çəkili olanını alın, çünki onsuz da kempiqə gedəndə əlavə əşyalar çox olur. Əgər almaq istəmirsinizsə kirayə də götürə bilərsiniz.
Qidalanma
Özünüzlə çaydan, stəkan, şirniyyat, ocaq üçün kibrit götürün. Çadırınız hansısa bulağa yaxın olsa yaxşı olar, çünki əks halda suyu özünüzlə gətirməli olacaqsınız. Evdən uzaqda qalacağınıza görə qidalanmaq üçün nisbətən asan hazırlanan yeməklərdən istifadə etmək tövsiyə olunur. Amma isti yeməyi də unutmayın. Hazır, yarımfabrikat un məmulatları, ət və balıq konservləri təbiət qoynunda çox dadlı olur. Eyni zamanda, universal tavadan da istifadə edə bilərsiniz. Ocaq qalayan zaman isə hər zaman ehtiyatlı olun, işinizi bitirəndən sonra ocağın tam söndüyünə əmin olun. Həmçinin qida qalıqlarını, tullantıları da özünüzlə götürməyi unutmayın.
Özünüzlə bunları götürün
- Gecə işıqlandırması baş və əl fənəri üçün götürün. Ay olmayan gecələrdə çox qaranlıq olur və fənərsiz hərəkət etmək mümkün deyil.
- Çoxfunksiyalı bıçaq sizə həm ərzaqları doğramağa, həm də konserv qurularını açmağa kömək edəcək.
- Poverbank sizin telefonları və elektriklə işləyən alətləri enerji ilə təmin edəcək
- İstəyə uyğun olaraq zınqırovlu ip götürüb çadırın ətrafına çəkə bilərsiniz ki, vəhşi heyvanlar yaxınlaşanda səs etsin.
- Hava şəraitinə uyğun əlavə geyim götürün.
- İlkin yardım üçün dərmanlar və yara sarımaq üçün bant.
Harada kempinqə getmək olar?
Çadır quracağınız yer şəxsi ərazi, qoruq, milli park deyilsə istənilən yerdə yerləşə bilərsiz. Amma çalışın meşənin dərinliyində, su hövzəsinə çox yaxın məkanda yerləşməyəsiniz. Quba, Lənkəran, Lerik, Gədəbəy, İsmayıllı və s. rayonlarda belə yerləri tapa bilərsininiz. Elə Abşeron yarmadasında, Xəzərin sahilində də çadır qurub günəşin doğuşunu çadırınızdan boylanaraq qarşılaya bilərsiniz. Təəssüf ki, ölkəmizdə kempinq bir turizm sənayesi kimi hələ inkişaf etməyib. Yəni öz ərazisində çadır qurmaq və sanitar qovşaq, elektrik yuvası təşkil edən turizm obyeketləri demək olar ki, yoxdur.
Kimlərə kempinq tövsiyə olunmur?
Əgər həşəratlardan və heyvan səslərdən qorxursunuzsa, komfort zonanıza düşkünsünüzsə kempinq sizlik deyil. Təbiətdə çoxlu həşəratlar görəcəksiniz və gecə vaxtı vəhşi heyvanların səsini tez-tez eşidəcəksiniz.
Həmişə gəzməkdə!
AviaTravel