Məşhur səyyahçı alim Strabon özünün "Tarixi hadisələr" barədəki "Astara" qeydlərində bu mənzərəni xüsusi dəqiqliklə izah edə bilib: "Dəniz ləpələrinin dağların ətəklərini yuması və öpməsidir Astara".
Astaranın şərqində Xəzər dənizi, qərbində isə zəngin meşəli Talış sıra dağları yerləşir. Müxtəlif xəstəliklərin dərmanı olan İsti su, Yanar bulaq və digər mineral və termal bulaqlar rayona gələn qonaqlar və turistlərin ən çox baş çəkdiyi yerlərdəndir. Ucsuz-bucaqsız çəltik bağları, çay plantasiyaları, Xəzər sularından tutulan nadir balıq növləri buraları turizm üçün əvəzsiz edir.
Necə gedilir?
Bilirsüiniz ki, cənub istiqamətində yeni yol çəkilib və 3 saata avtomobillə Astaradasınız. Bakıdan Astaraya hər gün 3 dəfə avtobus çıxır, biletin qiyməti 7,60 manatdır. Bundan başqa, sürət qatarı da gedir, ancaq hazırda işləmir, ola bilər ki, yay turizmi ilə əlaqədar açılsın, arada soruşun.
Harda qalmaq?
Hazırda Astarada günü 40 manatdan tutmuş 255 manata qədər otellər var. Yəni cibinizə görə seçim edə bilərsiniz. Burda o qədər gəzməli, görməli yerlər var ki, əsas xərclərinizi bunlara yönəltməyi təklif edirik, ancaq zövqlər müxtəlifdir və seçim sizindir.
Nəyə baxmaq?
Bulvar kompleksi - Astaranın fəxr etdiyi yerlərdən biridir. Xəzərin sahili boyunca 1 kilometr uzunluğunda olan ərazini əhatə edir. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilib. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılıb.
Ərçivan kəndindəki Məhəmməd Hənəfiyyə məscidi (1499) bir zamanlar Şah İsmayıl Xətai tərəfindən ziyarət edilməsi ilə məşhurdur. Qalalardan Bio kəndi yaxınlığında Şindan, Alaşa kəndi yaxınlığında Divankə, Hamuşan kəndində Gəlin, Təngərud kəndində Yekdəst görülməli yerlərdir.
Bununla yanaşı rayonun kənd və qəsəbələrində XII və XIII əsrlərə aid türbə və körpülər var. Bir sözlə, hər addımda təbiət və tarixi gözəlliklər var. Gəlmişkən, Astara rayon Tarix-Diyarşünaslıq muzeyinə də baş çəkərsiz burada 8 minə yaxın eksponat görəcəksiniz.
Sım - səyahətsevərlər tərəfindən yeni-yeni kəşf edilən Astaranın mütləq görülməsi gərəkən, ən yüksək dağ kəndidir. Sıma aparan yol çox yorucudur. Amma ətraf o qədər gözlədir ki, bu yorğunluğu hiss etməyəcəksiniz. Kənddə tərkibi minerallarla zəngin 50-yə yaxın təbii bulaq, hündürlüyü 25-30 metrə çatan 2 şəlalə var. Toxunulmamış, korlanmamış təbii gözəllik görmək istəsəniz, Sıma gedin.
Ərçivan Astara rayonunda qəsəbə inzibati ərazi dairəsidir. Eyniadlı çayın sahilində yerləşən bu qəsəbə Lənkəran ovalığındadır. Qəsəbədə XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, Hacı Teymur və Hacı Canbaxış məscidləri diqqəti cəlb edir. Həmçinin Ərçivanda hamımıza tanış olan “Ulduz” filmi çəkilib. Filmdə lentə alınan iki mərtəbəli unikal lahiyəli tikili dövlət reyesterinə salınıb.
"Yanar bulaq" Astaranın Ərçivan kəndinin cənub qurtaracağında, Ələt-Astara magistral yolu yaxınlığında yerləşir. Bu bulaq insanların ən çox maraq göstərdiyi yerlərdən biridir. Belə ki, bulaqda kükürdlü su ilə bərabər metan qaz da çıxdığından alovlu suya yaxınlaşdırarkən, sudan ayrılan qaz məşəl kimi alovlanır.
Rayonun digər görməli qəsəbəsi isə Kijəbədir (Talış dilində “Quş qapısı” deməkdir). Buraya yollandığınız zaman Talış dağlarının ətəyində bağlarla əhatələnmiş evlərin mənzərəsi sizi qarşılayacaq. Kijəbənin mirvarisi sayılan, kənd uşaqlarının yayda əsas əyləncə yeri Platinaya (Lovayın su anbarı) da yerləşir.
Hirkan milli parkının 21,3 min hektar ərazisindən 18,3 min hektarı Astaranın ərazisindədir. Meşələrdə relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat, cökə, vələs, fıstıq, qoz, qızılgöz və s. bitir. Heyvanlardan — bəbir, vaşaq, ayı, meşə pişiyi, oxlu kirpi, daşlıq dələsi, porsuq, çaqqal, tülkü, canavar, çöl donuzu və s. yaşayır.
Astara ekoloji təmiz və yüksək keyfiyyətli çayı, çəltiyi, sitrusu, tərəvəzi və balı ilə də məşhurdur. Burada yetişdirilən narıngi, limon, portağal, feyxoa, kinkan, kivi və başqa sitrus və subtropik meyvələr dünyada məşhurdur.
“Haşimi”, “Sədri”, “Ənbərbu”, "Xəzri" düyüsü, Xəzər balığı isə Astara mətbəxinin tacıdır.
Saxsı təndirdə bişirilən “əl çörəyi”, ”ləvəngi” və onun müxtəlif növləri hər yerdə tanınır. Düyüdən 21 növ, ətdən 23 növ, çöl və ev quşlarından 7 növ, undan 20 növ, balıqdan 9 növ xörəklər bişirilir ki, bunların hər birinin özünəməxsus dadı var. “Balıq sırdağı”, onun ləvəngisi, cücə ləvəngisi, pətə, qara plov, boranı plov, toy qatığı və başqa yerli xörək növlərini dadmağınız məsləhətdir.
P.S. İyunun 25-27-si üç günlük tətildir. Təbiətdə dincəlmək üçün əla vaxtdır.
AviaTravel