Alman dəqiqliyi və Bohem ruhu. Berlini rahat gəzməyiniz üçün tövsiyələr

Alman dəqiqliyi və Bohem ruhu. Berlini rahat gəzməyiniz üçün tövsiyələr

Alman dəqiqliyi ifadəsini yoxlamaq üçün avtobus dayanacağında oturub qrafikə baxmaq qərarına gəldik. Bir neçə saniyə qalmışdı ki, “yox e burda da post-sovet ruhu var”, deyək, tamamında avtobusun qapıları taybatay açıldı. Elə Berlinin şəhər olaraq quruluşu da belə dəqiq, ölçülü-biçili, sistemlidir. Uzun müddət Sovet rejiminin tərkibində olmasına baxmayaraq, Berlin Avropanın Bohem ruhunun mərkəzidir, ona görə də Avropanın bu cənnət şəhərinə mütləq səyahət edin.  

Necə getmək?

Təmiz və yaşıl təbiəti ilə göz oxşayan Berlinə artıq tranzit reyslə vaxt itirməyə dəyməz. AZAL bu şəhərə birbaşa reyslər açıb. Aviaşirkət mayın 29-dan etibarən Bakı ilə Berlin arasında uçuşların yerinə yetirilməsini bərpa edir.

Belə ki, Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həftədə 2 dəfə - çərşənbə axşamı və bazar günləri aviaşirkət tərəfindən həyata keçiriləcək.

Milli aviadaşıyıcı ilə Berlinə enmək özü bir ayrı zövqdür, çünki bu şəhər yuxarıdan yaşıllıqlar içində bir cənnətə bənzəyir. Hava limanından şəhərə 171X7 və N7 avtobusları ilə Rudov stansiyasına, oradan isə U7 metro xəttinə keçə bilərsiniz. Metro isə aeroportun 300 mentliyindədir və onunla birbaşa Berlinin mərkəzinə gedə bilərsiniz. Taksi ilə şəhər mərkəzinə çatmağınız 40-50 avro aparacaq.

Nə vaxt getmək?

Berlin Almaniyanın şimal-şərqində Spree Havel çayları arasında yerləşir. Bir şimali Avropa şəhəri olan Berlində hava hər an soyuya bilər. Qış aylarında hava mənfidir, qar yağması dekabrdan marta kimi davam edə bilir. Qış ayları soyuq və sərt, yay ayları sərin və yağışlı keçir. Ən isti ay olan iyulda hava təqribi 25 dərəcədə olur. Yaz və payız ayları da sərin keçir, amma gəzmək üçün əlverişlidir.

Harda qalmaq?

Hər il minlərcə turisti cəlb edən Berlin şəhəri öz gözəllikləri ilə bir gündə gəzilib qurtarılacaq şəhər deyil. Şəhərdə gələn turistlərin qalması üçün istənilən büdcəyə uyğun yerlər mövcuddur. Berlin Divarının sökülməsindən sonra şəhərdə inşa edilən otellərin sayı sürətlə artıb və hostellər, lüks otellərdə qalmaq kimi seçimlər çoxdur.

Küçələrində rahatca gəzdiyiniz, parklarında dilədiyiniz qədər vaxt keçirdiyiniz, heç kimin heç kimə maneəçilik törətmədiyi bir şəhərdə bahar və yay aylarında turistlər daha çox olur. Berlində qonaqlama üçün seçimlərlə burada tanış ola bilərsiniz.

Nəyə baxmaq?         

Berlin son illərdə artan turist sayı ilə böyük maraq cəlb edən bir şəhərdir. Tarixi küçələri, muzeyləri, geniş meydanları və tərtəmiz havası ilə Berlində görülməli çox yer var. Bohem atmosferini sonuna qədər hiss edə biləcəyiniz bu şəhər ağaclarla örtülüdür. Gəzərkən hər yerdə qarşınıza parklar çıxacaq.

Berlinin ən məşhur nöqtəsi Brandenburq Qapısıdır. Almaniya Parlament Binası, Aleksandır Meydanı da görkəmli yerlərdəndir.Dünya müharibələrində ağır zərbələr alan bu şəhər keçmişini də qucaqlayıb ən yaxşı şəkildə bugününü qurmağı bacarıb.

Spree çayı üstündə yerləşən Muzey Adası beş muzeydən ibarət bir mədəniyyət mərkəzidir. Buraya gəlsəniz yaxınlıqdakı DDR Museum-ə mütləq baş çəkin. Bura fərqli məzmunu ilə mütləq görməli olduğunuz yerlərdən biridir. Muzeydə Almaniyanı və almanları tanımağınız üçün ən maraqlı bilgilər maraqlı bir tərtibatla təqdim olunur.

Şərqi və qərbi Almaniya arasında bir yoxlama nöqtəsi olan Checkpoint Charlie də şəhərin tarixini kəşf etmək cəhətdən önəmli yerlərdəndir. Barok memarlığının ən gözəl nümunələrindən biri Berlin Katedralidir. Berlin divarından qalan bir hissə üzərindəki rəssamların əl işləri hazırda turistlərin ən çox görmək istədikləri şəhərin simvollarından birinə çevrilib. 

Modern Berlinin ən gözəl yerlərindən biri də Potsdamer Platzdır. Berlinin ən canlı məhəllərindən biri olan Kreuzberg səhərə kimi oyaqdı. Bu küçə kafe, restoran və barlarla doludur.

Berlində ictimai nəqliyyat və yolların xəritəsi nə qədər qarışıq görünsə də dünyadakı ən qabaqcıl sistemlərdəndir. Şəhərin hər nöqtəsinə ictimai nəqliyyat vasitəsilə gediş mümkündür. Burada diqqət veriləsi məsələ biletdir. Stansiyalardakı avtomatlardan bilet almaq lazımdır, avtobuslarda isə sürücülərdən də almaq mümkündür. Berlində türklər çox olduğundan bilet avtomatlarında türkcə də seçim var. İctimai nəqliyyatda A, B, C səviyyələri var, şəhər içində gəzmək üçün AB bileti almağınız yetərlidir. Şəhər içində tək istiqamətə bilet 2,70 avro, günlük limitsiz bilet isə 6,90 avrodur.

Metro “UBahn”, “SBahn” xəttlərinə bölünür. “UBahn” yeraltı, “SBahn” isə yerüstü hərəkət edir. Metro səhər saat 04:00-dan gecə saat 01:00-dək işləyir. Tramvay xətləri isə 24 saat işləyir.

Nə yemək?

Berlin yemək mədəniyyəti ilə seçilən bir yer olmasa da damaq dadınıza uyğun ləzzətləri tapa bilərsiz. Berlin mətbəxinin menyusuna kartof və donuz əti hakimdir. Həmçinin qamburger, sosisli sendviç və pivə bu torpaqlarda yaranıb. Berlində kafelərdə səhər yeməyi və branç çox yayılıb.

Belə bir yeməyin qiyməti 4 avrodan başlayır. Yemək çeşidinin az olması və görüntüsünün cəzbedici olmaması səbəbilə alman mətbəxi çox məşhur olmasa da türklərin çoxluğu səbəbilə damaq dadınıza uyğun yeməkləri rahatlıqla tapacaqsınız. Berlində Restaurant Tim Raue, Pauly Saal, Michelin kimi ulduzlu restoranlar da mövcuddur. Papilles, II Pastificio, Heising, Kanaan, Restaurant Faubour kimi ekonom büdcəli yerləri də seçmək olar.

 Alış-veriş   

Berlində avro istifadə olunur. Rəsmi dili almandır, turistik bölgələrdə almancadan sonra ən çox danışılan dil ingilisdir. Berlində alışveriş üçün məşhur mağazalar, moda evləri, yerli butiklər, ikinci əl dükanlar, alış-veriş mərkəzləri kimi fərqli seçimlər var. Chanel, Balmain kimi məşhur mağazaların məhsullarını KaDeWedə əldə edə bilərsiniz.

Berlinin məşhur Aleksander Meydanı da mağazaların ən çox yerləşdiyi yerlərdən biridir. Hackescher Market isə Mittedədir və alış-veriş etmək istəyənlər mütləq ziyarət etməlidirlər. Berlində mağazaların çoxu bazar günləri bağlıdır. Həmçinin Noel vaxtı qurulan Noel Bazarı olduqca gözəldir.

Əyləncə 

Sabaha qədər açıq məkanları ilə məşhur Berlində gecələr uzun olur. Sayısız bar, pub və gecə klubunun olduğu şəhərdə əylənmək üçün bir çox məkan tapa bilərsiniz. Bəzi məkanlardakı giriş haqqı digər avropa şəhərlərinə nisbətən ikiqat ucuzdur. Dünyaca məşhur DJlərin səhnə aldığı məkanlar vardır.Giriş haqqları 5-20 avro arası dəyişir. Kreuzbergdəki Tresor adlı məkan tekno musiqinin mərkəzlərindən biridir. Dünyanın ən yaxşı gecə klubları arasında adı keçən Berghaində giriş haqqı 14 avrodur. Digər populyar gecə klubları isə Cookies, Chalet, Weekend, Stattbad, S036, Salon Zur Wilden Renate, Golden Gate kimi yerlərin adını çəkmək olar.

Berlində opera önəmli bir yerə sahibdir.Hətta Berlin metrosunda “Berlin Opernhauptsadt” yəni “Operanın Paytaxtı Berlin” yazısını görə bilərsiz. Deutsche Oper, Philharmonia və ya Staatsoper Unter den Lindendə bir opera izləmək pulla ölçülməyəcək qədər dəyərlidir.

Həmişə gəzməkdə! 

AviaTravel