Bolqarıstanda koronavirus pandemiyası səbəbindən tətbiq olunan fövqəladə epidemioloji rejim ləğv edilib.
Aprelin 1-dən etibarən ölkə ərazisində epidemiya əleyhinə tədbirlərə riayət olunmasına nəzarət dayandırılır. Eyni zamanda, qapalı yerlərdə qoruyucu tibbi maska taxmaq və fiziki məsafə saxlamaq məcburiyyəti, həmçinin kütləvi tədbirlərdə iştirak edən şəxslərin sayının məhdudlaşdırılması tələbi də aradan qaldırılır.
Bununla belə, həkimlər ictimai nəqliyyatda və insanların sıx toplaşdığı yerlərdə sayıqlığı əldən verməməyi, fiziki məsafəni qorumağı, qoruyucu maskalardan istifadə etməyi və profilaktik peyvənd vurdurmağı tövsiyə edir.
Təxminən 6,5 milyon nəfər əhalisi olan Bolqarıstanda hazırda 180 minə yaxın insan koronavirusdan müalicə alır. Worldometer portalının məlumatına görə, son sutka ərzində ölkədə COVID-19 infeksiyasına 1143 yoluxma və 17 ölüm faktı qeydə alınıb. Pandemiyanın əvvəlindən bu yana Bolqarıstanda koronavirusa yoluxanların sayı 1 milyon 138 min nəfəri ötüb, onlardan 36 min 529-u həyatını itirib, 922 mindən çox insan isə sağalıb.