Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əzizdir. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşanın bu il 270 illiyi qeyd olunacaq. Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa bənzərsiz qədimiliyi, özünəməxsus mühiti ilə həmişə gözəl Qarabağın baş tacıdır.
İşğaldan azad olunan kimi ilk daxili turlar da elə Şuşaya başladı. Azərbaycanlılar Şuşanın torpağını, daşını öpmək üçün bu turlara kütləvi axın edirlər.
Necə getmək. Hazırda Bakı Beynəlxalq avtovağzalından həftənin 3 günü - çərşənbə, şənbə və bazar günləri 6:30-da avtobus çıxır. Avtobusu polis müşayət edir və saat 13:00-da siz artıq Şuşadasınız. 2,5-3 saat Şuşuda olursunuz və yenidən Bakıya yola düşürsünüz, saat 22:00-da artıq Bakıdasınız. Bakı-Şuşa-Bakı səfərinin qiyməti 20 manat 80 qəpiyə başa gəlir. Qeyd edək ki, Şuşaya yaşı 18-dən yuxarı, 2 doza vaksini olan Azərbaycan vətəndaşları gedə bilərlər.
Özəl tur şirkətləri də Şuşaya səfərlər təşkil edir. Məsələn, 45 manata olan turlar metronun Gənclik stansiyasından çıxır və bu qiymətə fotosesiya, çay süfrəsi, VİP nəqliyyat, tur rəhbəri kimi xidmətlər əlavə ediblər. Belə özəl turların polis müşayəti isə Füzulidən başlayır.
Sərnişindən hansı məlumatlar tələb olunur? Bilet almaq üçün https://yolumuzqarabaga.az saytına daxil olun. Bilet seçimi etdikdən sonra sistemə elektron ("email") ünvanı, şəxsiyyət vəsiqəsinin seriyası və fərdi identifikasiya nömrəsi daxil olunmalıdır. Bundan başqa, mobil telefonun nömrəsi də tələb olunur. Tələb olunan məlumatlar sistemə daxil edilən zaman şəxsin məlumatları müvafiq informasiya sistemlərindən yoxlanılır. Onun şəhid ailəsi olub-olmaması, eyni zamanda COVİD-19 peyvəndi və ya immunitetlə bağlı məlumatlar yoxlanılır. Portalda verilən məlumata görə, şəhid ailəsinin üzvlərinə səfərdən bir dəfə ödənişsiz olaraq istifadə imkanı verilib.
Ödənişi necə etməli. Bilet ödənişləri "ASAN ödəniş" sistemi vasitəsilə onlayn həyata keçirilir. Sərnişinlər qayıdış biletini də qabaqcadan almalıdırlar. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.
Saytda bildirilir ki, ödəniş uğurlu olduqdan sonra, vətəndaş portala yönləndirilir və bilet məlumatları ilə tanış olur. Onlayn biletlər yüklənilə, həm də çap edilə bilər.
Qeyd edək ki, artıq aprel ayı üzrə bütün biletlər satılıb.
AviaTravel olaraq, Şuşada ziyarət etdiyimiz məkanlar haqqında hamımızın bilməli olduğumuz məlumatları sizə təqdim edirik.
Beləliklə, ekskursiyaya daxildir:
- Cıdır düzü
- Şuşa qalası
- Vaqifin məqbərəsi
- Cümə məscidi
- Bülbülün ev muzeyi
Cıdır düzü
Şuşanın əsrarəngizliyi ilə seçilən bu məkanı həm də müqəddəs sayılır. Təmiz havası, uca dağları, şəfalı suyu, əsrarəngiz təbiəti dillər əzbəridir.
Qarabağa kim gəlibsə, mütləq Cıdır düzünə baş çəkər. Şuşaya səfər edənlərin sevimli yerlərindən biridir əfsanəvi Cıdır düzü. Qərb tərəfi bir-birinin arxasında yerləşən üç yüksəklikdən ibarətdir. Bu yüksəkliklər “Üçmıx” adlanır.
Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan Cıdır düzündə hər il may ayında “Xarıbülbül” mahnı festivalı keçirilir. Əsrin əvvəllərindəki Qarabağ xanəndələrinin bir çoxu da Cıdır düzündəki ifalarından sonra məşhurlaşıb.
Cıdır düzündə həm də Qarabağ xanlarının atlarının ayaq izləri var. Şuşanın azad olunmasında verdiyimiz şəhidlərin də ayaq izləri o qayalarda və Cıdır düzündə qalıb. Ona görə də hər birimiz üçün müqəddəsdir.
Cıdır düzü adicə düzəngah bir məkan deyil, Qarabağın igidləri burada at oynadıblar, qurşaq tutublar, üzüyün halqasından ox keçiriblər. Burada Qarabağın igidləri sevdikləri qızı gözaltı ediblər. Pənahəli xandan başlayaraq, Qala camaatı “Yallı” gedib, ən xoş günlərini burada keçirib. Ona görə də Cıdır düzü Qala camaatı üçün ən müqəddəs yer olub. Onların ən çox sevdiyi, ibadət etdiyi şəxslər və şəxsiyyətlər dünyadan köç etdikdən sonra Cıdır düzünün aşağısındakı qəbiristanlıqda dəfn olunublar. Buna görə də hər zaman bura ziyarətə gəliblər, başda Molla Pənah Vaqif olmaqla.
Şuşa qalası
Şuşa qalası - Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır.
Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.
Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında qalanı xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü də Qala körpüsü kimi tanınır.
Şuşa qalasının inşa edildiyi sahə, çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlüyə malikdir. Hazırda Şuşa şəhərinin ərazisi mərkəzində uzununa təpə yerləşən yayladan ibarətdir. Şuşa qalasının memarlığında feodal dövrü memarlığının əsas şəhərsalma prinsipləri, həm şəhər yerinin seçilməsi, həm struktur planlaşdırması, həm də qalanın xarici bədii siması baxımından özünü büruzə verir.
Vaqifin məqbərəsi
2021-ci il avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.
Qeyd edək ki, 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin qarşısında hər il Poeziya Günləri keçirilərdi.
Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilib. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınaraq, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilib. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilib. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulub.
Cümə məscidi
Yuхarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.
Yuхarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilib. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilibmiş. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikdirib. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi tikilir. Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış dördüncü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Şuşada Aşağı Gövhər ağa məscidi, Ağdam cümə məscidi və Bərdə imamzadəsi ilə yanaşı Yuxarı Gövhər ağa məscidi də memarın ən yaxşı əsərləri sırasına daxildir. Yuxarı Gövhər ağa məscidinin minarələrinin dekoru və məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənibr.
Məscid, özündən əvvəlki tikilinin inşaat oxlarını təkrarlayır. Dördüncü məscid kompozisiya-planlaşdırma və memarlıq bədii xüsusiyyətləri baxımından sələfindən kəskin şəkildə fərqlənir. Giriş Şahbulaq məscidində olduğu kimi yarımdairəvi daş tağla verilib. Məscidin portikinin arkadası, iki mərtəbəli tikilinin hündürlüyü boyunca ucalan üç eyni tağdan ibarətdir. Eyvanın tağları üzərində Quran ayələri yazılmış dekorativ lent uzanır.
Yuxarı Gövhər ağa məscidinin dam örtüyünün orta hissəsində əsas ox boyunca yerləşən və mərkəzi nefin üstünü örtərək təxminən 5 metr diametrə malik olan iki günbəz fərqlənir. Kərpiclə hörülmüş minarələrin səthi qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmişdir.
Bülbülun ev muzeyi
Bülbülün ev-muzeyi - Şərqin konservatoriyasının nişanələrindən biridir. Burada onun şəxsi əşyalarından bəziləri, o cümlədən qavalı da nümayiş etdirilir. Vitrinlərdə Bülbülün komsomol və həmkarlar ittifaqındakı fəaliyyətindən danışan sənədlərin foto surətləri, Bakıdakı ifaçılıq fəaliyyəti, Azərbaycan Dövlət Konservatoriyasında və İtaliyada təhsili haqqında sənəd və materiallar, italyan jurnalı «Arte Nostra»da Bülbülün böyük portreti və onun haqqında məqalə, dostları və ailəsi ilə şəkilləri nümayiş etdirilirdi.
Foto şəkillərlə yanaşı burada Bülbülün əlyazmaları, iştirak etdiyi opera tamaşalarının afişaları, yaratdığı obrazları, ayrı-ayrı premyera və yubiley tamaşalarından səhnələri əks etdirən şəkilləri, məruzələri, onun iştirak və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, rəsmi məktubların əsli və fotosurətləri göstərilib. Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli sənədlər də burada geniş yer tutur.
Həmişə Şuşada gəzməkdə!
AviaTravel