Hayındı yolumuz ŞƏKİ-yədi: Gələrsən-Görərsən

Şəkililər deyirlər ki, min dəfə eşitməkdənsə, bir dəfə gəlib görmək yaxşıdır
Hayındı yolumuz ŞƏKİ-yədi: Gələrsən-Görərsən

Bildiyiniz kimi, Şəkidə Gələrsən-Görərsən qalası var, hansı ki, Şəki xanı Hacı Çələbinin rəhbərliyilə şəkililər Nadir şahın qoşunlarına orada müqavimət göstəriblər və qalanı düşmənə təslim etməyiblər. Deyilənlərə görə, bir dəfə Nadir şah özü danışığa girir və soruşur: "O necə qaladır ki, onu almaq olmur?". Ona cavab verirlər: "Gələrsən-Görərsən". Elə o vaxtdan qala belə adlanır. Sözümüzün canı budur ki, Şəki qədim tarixi, qeyri-adi mətbəxi və yumoru çox xoşlayan insanları ilə həmişə maraqlı olub, siz də gedin və görün. 

Gələrsən-Görərsən qalası 

Necə getmək?

Bakıdan Şəkiyə təxminən 300-350 km-dir və avtomobil ilə hardasa 4-5 saata getmək olar. Şəkiyə getmək üçün qatar və avtobus variantları da var, ancaq qatar 6-7 saata çatır, avtobus isə 5 saata. Avtomobillə Şəkiyə 4 saata çatmaq mümkündür. Vaxt itirməmək və rahatlıq üçün ən yaxşısı avtomobillə getmək və ya avtomobili kirayələməkdir.

Harada qalmaq

Şəkinin ən məşhur “5 ulduzlu” oteli Marxaldır. Bundan başqa, Şəki Palace-da xidmətlərinə görə yaxşıdır. Marxalda qiymətlər kifayət qədər yüksəkdir, məsələn, martın 20-dən 23-dək 2 nəfərlik bir otağın qiyməti 551 dollar təşkil edir. Ona görə də günü 50 manata yaxşı şəraitli ev kirayə götürməyiniz məsləhətdir.

Görməli yerlər

Turistlər daha çox Xan sarayını, Kiş alban məbədini, Şərq bazarını, Karvansarayı, Şəkixanovların evini, İpək kombinatını, texnologiyanı görmək istəyirlər. Şəkixanovlar sarayını bütün turizm şirkətlərinə təklif edirik, çünki Şəkixanovların evi kimi Azərbaycanda ikinci elə bir yer yoxdur.

Bura iki il öncə prezindetin göstərişi ilə təmir edilib və açılışı olub. Bundan başqa, Şəkinin Fazıl kəndində çox gözəl yeraltı muzey var. Təəssüf ki, bu muzey lisenziya almadığı üçün çoxları xəbərsizdir. Böyük Qafqaz Albaniyasına aid Şəkinin Zəyzid, Bideyz, Baş Küncüt, Daşbulaq, Aydınbulaq kəndlərində də tarixi abidələr var. Şəki Böyük Qafqaz Albaniyasının mərkəzi hesab olunub və burada böyük bir mədəniyyət yatır. Şəki elə bir yerdir ki, buranın özünün xanlığı, pulu olub. Hətta buradan samovar tapılıb ki, onun tarixi 3700 ildir.

Şəki Xan sarayı

Türk şairi Nazim Hikmətin gözəl bir sözü var: “Azərbaycanın heç nəyi olmasaydı belə, təkcə Şəki Xan sarayını bütün dünyaya göstərmək kifayət edərdi”.

Şəkinin qürur mənbəyi, keçmişini bugününə bağlayan və UNESCO-nun Ümumdünya irsi siyahısına salınmış tarixi-əhəmiyyətli xəzinəsi – Şəki Xan Sarayı 18-ci əsrdə sonuncu Şəki xanı Hüseyn Xan Müştaq tərəfindən tikilib. Hərəmxanası olmayan yeganə Azərbaycan xanlığı hesab edilir. 30 metr uzunluğunda iki mərtəbəli 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvana sahib olan saray fars memarlıq üslubunda tikilib və İslam Şərqinin memarlıq incilərindən hesab edilir.

Tikildiyi zaman daha çox Divanxana, yəni şəhər məhkəməsi olaraq nəzərdə tutulsa da, bəzən Şəki xanı tərəfindən qış iqamətgahı kimi də istifadə edilirdi. Sarayın ən maraqlı xüsusiyyətlərindən biri fasadında və pəncərələrində “şəbəkə” adlanan taxta işləmələrin mismar istifadə edilmədən keçirmə üsulu ilə hazırlanmasıdır.

Dairəvi Məbəd və ya Nuxa Üçmüqəddəs Kilsəsi

Məbəd-kilsəni Qafqaz Albaniyası dövrünə aid edirlər. Buranın bağçasında az sayda qəbirlər var. Sən demə bu qəbirlər Nuxada vəfat etmiş bir neçə yüksək çinli rus məmuruna məxsusdur.

Hal-hazırda məbədinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi fəaliyyət göstərməkdədir. Şəki Xan sarayından qayıdandan sonra bura mütləq baş çəkməlisiniz.

Yuxarı Karvansaray

Şəkinin ən gözəl küçəsi olan Mirzə Fətəli Axundov küçəsində yerləşən Yuxarı Karvansaray, 18-19-cu əsrlərdə tikilmiş 5 böyük karvansaraydan bugünə qədər gəlib çatmış 2 karvansaraydan biridir. 3 mərtəbəli bu karvansarayın sahəsi 6000 m2, otaqlarının sayı isə 300-dən çoxdur.

Karvansarayın 1-ci mərtəbəsi tacirlərin mallarını yığması, 2-ci mərtəbəsi ticarət etməsi, 3-cü mərtəbəsi isə yaşamaları üçün nəzərdə tutulmuşdu. Karvansarayda ən diqqətimi çəkən məqam isə buranın Mərakeşdəki ənənəvi “riad”lara (daxili hovuzu və həyəti olan evlər) bənzəməsi idi.

Kiş Alban Məbədi

Şəkinin mərkəzindəki görməli yerlərdən sonra Kiş Alban məbədinə mütləq baxın. Bəzi mənbələrdə Kiş kəndində yerləşən məbəd nəinki Qafqaz Albaniyasının, ümumiyyətlə bütün cənubi Qafqazın ilk kilsəsi olaraq qeyd edilir. Kilsəyə gedən yol kəndin dolanbaclı küçələrindən keçir və kəndin ən hündür nöqtələrindən birində yerləşir.

Kilsə bugünə qədər yaxşı qorunub saxlanıb və 2000-2001-ci illərdə restavrasiya olunub. Elə həmin illərdə burada tədqiqat aparan Norveç alimlərinin gəldiyi qənaətə görə kilsə 10-11-ci əsrlərdə inşa edilib.

Kilsənin döşəməsi tamamən xristian qəbirləri ilə doludur. Bu qəbirlərdən bəzilərini kilsə ətrafında qazılmış quyular vasitəsilə görmək də olur. Hal-hazırda bura muzey kimi fəaliyyət göstərir.

Şəki Xan yaylağı

Təbiətin qoxusunu, torpağın ətrini duymaq üçün Şəki Xan yaylağına gedin. Bura 18-19-cu əsrlərdə Şəki xanlarının yaylağı olub. İstilər düşən kimi xan öz ailəsini, xidmətçilərini götürüb bura dincəlməyə gələr, havalar soyuyanadək burada qalarmış.

Nə yeyək?

Söhbət Şəkidən gedirsə, yeməklərdən danışmasaq olmaz. Şəkilililərin təriflədiyi Çələbi Xan restoranında nahar etməyi tövsiyə edərdik. Çələbi Xan restoranı Bəxtiyar Vahabzadə adına olan yamyaşıl parkda yerləşir. Buraya hər növbəti gəlişinizdə mütləq Xan və Koroğlu kabablarını, Xan aşını, Nar qovurması, Dobu dolması, Girs, Maça, Dobu bozbaşı və Piti kimi yeməklərin dadına baxmağınızı tövsiyə edirəm.

Qiymətlərə gəldikdə isə buranın qiymətləri Bakı restoranlarındakından daha ucuzdur. Deyilənə görə, ən yaxşı piti “Arı Məmməd” kafesindədir. Bundan başqa qiymət baxımından  karvansara tərəfdə “Qaqarin”, Qoxmuq kəndinin girişində “Ağ qaya”, marxala qalxan yolda isə “Əhməd haradadır” daha münasibdir.

Şəkidən gələndə isə mütləq Şəki halvası, Şəki kəlağayısı gətirin. Bunlar Şəkinin simvoludur.   

Şəkililər deyirlər ki, min dəfə eşitməkdənsə, bir dəfə gəlib görmək yaxşıdır.

Həmişə gəzməkdə!

AviaTravel