Qədim, qəhrəman, səfalı, "imam şəhəri" - Gəncə. Haraları gəzək?

Qədim, qəhrəman, səfalı,

Gur tonqallar, torba sallamaq, bayramlaşmaq - Azərbaycanın qədim şəhərlərində Novruz bayramı xüsusilə təmtəraqlı keçir.  Qarşıdakı Novruz tətilində bu rəngarəngliyi görmək və təbiətin canlanmasını, oyanışını duymaq üçün qədim Gəncəni, onun Göygölünü, Maral gölünü, Hacıkədin səfalı təbiətini gəzmək lap yerinə düşər.

Yolumuz Gəncəyədir

Gəncəyə getmək üçün Bakıdan birbaşa avtobuslar və sürət qatarı işləyir. Mülayim iqlimi ilə Gəncə xüsusən də yazda və payızda gözəldir. Gəncədə qalmaq üçün qonaq evlərindən və mehmanxanalardan istifadə edə bilərsiniz, burada həm beşülduzlu, həm də 3-4 ulduzlu otellər var. Gəncəni gəzmək üçün minimum üç gün lazımdır və bu halda təbii ki, ən sərfəlisi ev kirayələməkdir. Şəhər içində ictimai nəqliyyatdan və taksilərdən istifadə edə bilərsiniz, qeyd edək ki, qiymətlər Bakıdakının yarısıdır.   

Gəncənin hər guşəsində, hər daşında qədim tariximizin silinməz izləri var. Elə gəncəlilərin "qorkom" dediyi şəhər mərkəzindən başlayın. 

Nizami Məqbərəsi

Nizami Məqbərəsini Gəncənin simvolu da hesab etmək olar. Şəhərin girişində, Əhmədli kəndində Məqbərənin ilk inşası 13-14-cü əsrlərə aid edilir. Ancaq hazırda Gəncənin şərqində ucalan məqbərə 1947-ci ildə inşa olunub, 1991-ci ildə isə yenilənib. Son illərdə Nizami Məqbərəsi əsaslı şəkildə bərpa olunub və ətrafında 35 hektar ərazidə şəhərcik yaradılıb. 

pages/522/19.jpg

Qala Qapıları: muzeylər

Arxeologiya və Etnoqrafiya Muzeyinin inşasına 2012-ci ilin yanvarında başlanıb, 2014-cü ilin yanvarında başa çatıb. Tarixdən məlumdur ki Gəncə qalasının beş qapısı olub.Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Abidə kompleksin sağ cinahında Gəncənin gerbi yaradılıb. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Eyni zamanda dahi Nizami irsini göstərən ”Nizami Gəncəvi” muzeyi, məşhur Məhsəti Gəncəvi Mərkəzi əminik ki, xoşunuza gələcək. 

”İmamzadə” dini kompleks

Azərbaycanın müxtəlif bölgələrində Məhəmməd peyğəmbərin nəslindən olan insanların məzarları var. Bu insanlar imamların övladları olduğu üçün həmin yerlər “İmamzadə” adlandırılıb. Hazırda Azərbaycan ərazisində Naxçıvan, Şamaxı, Bərdə və Masallıda İmamzadə adlı ziyarətgahlar mövcuddur. Bu sahədə araşdırma aparmış bəzi tədqiqatçılara görə, Səudiyyə Ərəbistanı və İraqdan sonra Peyğəmbər nəslinin nümayəndələrinin ən çox məzarları Azərbaycandadır.

Belə ziyarətgahlardan biri də Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi – xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini–mədəniyyət kompleksi şəhərin və bütövlükdə,ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

Xan bağı

Xan bağı, bir başqa adı ilə Sərdar bağı Gəncənin və Azərbaycanın ən gözəl və yaşıl parklarından biridir. Şəhərin mərkəzində yerləşən bağ, 1847-ci ildə carın Qafqazdakı canişini (“sərdarı”) knyaz Mixail Vorontsovun təşəbbüsü ilə salınıb. 

Cavadxan küçəsi

Cavadxan küçəsi son illərdə əsaslı bərpa və yenidənqurma işləri aparılaraq açıq səma altında zəngin muzeyə çevrilib.Cavadxan Gəncə tarixinin ən görkəmli şəxslərindən biri sayılır. Onun adına olan küçə şəhərin mərkəzi və qədim yerlərindən biridir. 

pages/522/13.jpg

Bu küçədə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan qəzetinin dərc olunduğu bina da var. AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən və alman mühəndisi Zingerin yaşadığı ev də Cavadxan küçəsinin tarixi tikililərindəndir.

Şah Abbas Məscidi

Gəncəlilərin “Cümə Məscidi” də adlandırdığı Şah Abbas Məscidi 1606-cı ildə Şah Abbasın istəyi ilə inşa olunub. Məscidin memarı isə həmin dövrdə Gəncədə bir çox binanın memarı olan Şeyx Bahəddin Məhəmməd Amildir.

Çökək Hamamı

Çökək hamam 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilib. Bu binanın tikintisində də Şah Abbas Məscidində olduğu kimi, yumurta ağı ilə gil-əhəng (gəc) qatışığından və qırmızı kərpicdən istifadə edilib.

pages/522/14.jpg

“Butulka ev”

Gəncə mərkəzində diqqətçəkən binalardan biridir. 1960-1964-cü illərdə 50.000 şüşədən istifadə edilərək inşa olunub. Gəncəlilərin “butulka ev” adlandırdığı bu mülk də tarixi əsərlər siyahısına daxildir.

“Gəncəçay” park–bulvar kompleksi

Park bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. İnşasına 2014-cü ildə başlanılan və ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Çayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilib.

Bulvarda Bayraq Meydanı, “Əli və Nino” kompleksi, Mətbuat Evi, Kitab Evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, üç kafe, restoran və kinoteatr, açıq havada attraksionlar və digər sosial obyektlər inşa edilib. Burada 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilib, böyük monitor quraşdırılıb. 

Göygöl, Maralgöl

1139-cu ildə Gəncədə yaşanan zəlzələnin nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Bu təbiət hadisəsi Azərbaycanın ən gözəl yeri olan Göygölün yaranmasına səbəb olub. 

pages/522/17.jpg

Gəncə İstiqlal parkı

Abidənin postamentinə İstiqlal Bəyannaməsinin mətni, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Cümhuriyyətlə bağlı fikirləri və Gəncədə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəbul etdiyi qərarlar haqqında məlumat həkk olunub.

“Uğurlu xan” karvansarayı

“Uğurlu xan” karvansarayı qədim memarlıq abidəsi olmaqla, tariximizin müəyyən dövrünü əks etdirir. Bir zamanlar ticarət mərkəzi olan və ipəkyolunun üzərində yerləşən Gəncəyə əcnəbi ölkələrdən saysız-hesabsız qonaqlar gələr, bu karvansarayda qalardılar.

Səlim karvansarası

Gəncənin Ağkənd ərazisində XIV əsrə aid tarixi karvansara Elxanilər hökmdarı Əbu Səid Bahadur tərəfindən inşa olunub. Gəncəyə səyahət edənlər bu abidəni də görməli yerlər siyahısına əlavə etməlidir.

pages/522/28.jpg

Hacıkənd istirahət guşəsi

Uzun illərdən bəri istirahət məkanı kimi tanınan səfalı Hacıkənd qəsəbəsi yazda ab-havası, Novruz şənlikləri ilə daha cazibədardır.

Heydər Əliyev Park-Kompleksi

2012-ci il yanvarın 21-də təməli qoyulan,2014-cü il yanvarın 21-də istifadəyə verilən Heydər Əliyev parkı Gəncənin ən füsunkar və gözoxşayan məkanlarından biridir. Dünyanın 5 ən böyük parkı arasında bu parkın da adı var. Ərazisi 450 hektar, uzunluğu isə 2 kilometrdir.

Burada gəzinti, istirahət üçün bütün imkanlar mövcuddur. Parkın girişində möhtəşəm “Zəfər tağı” ucaldılıb. Eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan “Zəfər tağı”dan ətrafı seyr etmək üçün 30 metr hündürlükdə meydança var. Meydançaya qalxmaq üçün pilləkənlər və lift quraşdırılıb. Parkda yaradılan süni göl, şəlalə, Müasir İncəsənət Muzeyi və Amfiteatra mütləq baxmaq lazımdır. 

Gəncədə nə yemək? 

Gəncə mətbəxi deyəndə ilk ağlagələn paxlava və dovğa olur. Kələm dolmasının narşərab və şəkərlə yeyilməsi də sırf gəncəlilərə xas olan bir xüsusiyyətdir. 

Gəncədə bişirilən paxlavanın rəngi açıq olur və o, mis sinidə köz üzərində bişirilir. Nanə, ispanaq və kərəviz kimi göyərtilərdən hazırlanan Gəncə dovğası; ətli, ağ pendirli, yaxud göyərti qutabı, kətə Gəncəyə səfər zamanı mütləq dadmalı olduğunuz nemətlərdir. Səyahət menyunuzda olmalı digər yemək - üstü quzu əti ilə, quru meyvələrlə və soğanla örtülmüş və fətirlə əhatələnmiş, piroqu xatırladan Şah plovun dadı isə damağınızdan heç vaxt getməyəcək.

Həmişə gəzməkdə!

AviaTravel