14 Yanvar 2022, 11:18

"Adalar cənnəti" olan Dammam

Bakı-Dammam üzrə ən ucuz biletlər həftənin çərşənbə və cümə axşamı günləri olur

Bir neçə il əvvələ qədər iş adamlarının, zəvvarların daha çox getdiyi Dammam artıq turizm məkanı kimi də sevilir. “Ziyarətçilər bizim paylaşacağımız xəzinələr - 5 Dünya Mədəniyyəti İrsinə daxil edilmiş yerli mədəniyyət və nəfəs kəsən təbii gözəllik qarşısında təəccüblənəcəklər” deyən Səudiyyə Ərəbistanı hökuməti 2030-cu ilə qədər bu ölkədəki 50 adada unikal turizm məkanları yaratmağa söz veriblər və artıq bir neçəsini yaradıblar.  

Dammama nə vaxt getmək lazımdır?

Qışda soyuqdan bezib isti hava dalınca Ərəb ölkələrinə gedənlərin gəziləcək yerlər siyahasında Dammam mütləq olmalıdır. Neft ehtiyatlarına görə dünyanın ən zəngin bölgəsi kimi tanınan Dammamda Fars körfəzinin ən böyük limanı olan Kral Əbdüləziz limanı yerləşir. Dammam həm də universitet şəhəri adlanır. Ən böyük alış-veriş potensialı ilə diqqət çəkən şəhər həm də yarımadanın ən qədim yaşayış məskənlərindən biri kimi əyləncəli, həm də rahat bir tətil keçirmək istəyən səyahətçilərin seçimidir.

İl boyu isti səhra iqliminin təsir etdiyi Dammam, Fars körfəzində yerləşdiyi üçün Səudiyyə Ərəbistanının daxili bölgələrindəki şəhərlərlə müqayisədə qismən rütubətli havaya malikdir. Yayda orta temperatur 38-40 dərəcə, qışda isə 14-17 dərəcə olur. Bütün fəsillərdə Dammama gedə bilərsiniz, ancaq yenə də temperaturun aşağı olduğu payız və qış ayları tətil üçün ən ideal vaxtdır. Əgər oktyabr-mart ayları arasında səyahət tarixləri seçsəniz şəhərin bütün görməli yerlərinə daha rahat gəzə bilərsiniz.

Dammama necə getmək olar?

Ən rahat nəqliyyat vasitəsi təyyarədir. Bakıdan Dammama və geriyə birbaşa reyslər mövcuddur. Biletin qiyməti uçuş ayından asılıdır, birinci klassı və biznes-klassı çox öncədən bron etmənizi məsləhət görürük. Ekonom - klass üçün də bilet bron edəcəksinizsə çox uzatmayın - bunu 2-4 ay öncədən edin. Bakı-Dammam üzrə ən ucuz biletlər həftənin çərşənbə və cümə axşamı günləri olur. Bir qayda olaraq, istirahətlər günləri biletlər baha olur. Ayrı-ayrılıqda gediş və gəliş bileti almaqdansa eyni anda birdəfəlik hər iki istiqamətə bilet almaq daha sərfəlidir.

Viza və geyim qaydası. Birdəfəlik giriş-çıxış vizası 53 ABŞ dollar, çoxdəfəli giriş-çıxış vizası isə 134 ABŞ dollarıdır. Qadınların əynində qolların biləkdən yuxarı, ayaqların oynaqlarından yuxarı bütün bədənin örtülü olduğu geyim olmalı (abaya),  başları bağlı (örpəklə) olmalıdır.

Azərbaycanda aldığınız sürücülük vəsiqəsi əsasında ölkəyə giriş tarixindən başlayaraq 3 ay müddətində maneəsiz avtomobil sürə bilərsiniz, bu da avtomobil kirayələməyiniz üçün əla imkandır.

Dammamda ictimai nəqliyyat. Dammamda avtobuslara tələbat az olduğu üçün geniş yayılmayıb. Tətiliniz zamanı şəhərdə rahat səyahət etməyin ən asan yolu maşın icarəyə götürməkdir və ya taksini seçin. 2018-ci ildə dərc edilən fərman qadınların da avtomobil idarə etməsinə icazə verir. Dammam şəhər nəqliyyatında taksilər kirayə maşınlar qədər geniş yayılıb və olduqca ucuzdur.

Dammam Hava Limanından şəhər mərkəzinə nəqliyyat. Kral Fahd Beynəlxalq Hava Limanı şəhər mərkəzindən 20 kilometr şimal-qərbdə yerləşir. Hava limanından şəhər mərkəzinə getmək üçün ilk növbədə büdcənizə uyğun avtomobil icarəyə götürməyi düşünə bilərsiniz. Alternativ olaraq, taksi və ya qalacağınız otelin transfer xidmətindən yararlanın.

Dammamda harada qalmaq olar?

Şəhərdəki otellər əsasən 4 və 5 ulduzludur. Daha ucuz qiymətə 3 ulduzlu otellər və mənzillər də var. Dammamda otel seçəndə diqqətinizi iki fərqli bölgəyə yönəldin. Otellərin çoxu Fars körfəzi və Korniş (Corniche) bölgəsində cəmləşib. Şəhərin ən dəbdəbəli otelləri isə Kral Xalid küçəsində yerləşir və lüksdür, deməli qiymətlər də yüksəkdir.

Dammamda gəzməli yerlər

Dammam tarixi binaları, şəhər parkları, Korniş bölgəsi, Mərcan adası və əyləncə mərkəzləri ilə ölkənin ən köklü və müasir şəhərlərindən biridir.

Tarut qalası

Bu qala Tarut adasında yerləşir və Ərəbistan yarımadasının ən qədim yaşayış məntəqəsi hesab olunur. Bu ənənəvi memarlıq üslublu qala qədim yaşayış məskənlərinin və sivilizasiyaların xarabalıqları üzərində inşa edilib. Adaya səyahət edərək bölgənin tarixi haqqında əvəzsiz məlumatlar əldə edə bilərsiniz.

Dammam Corniche

Şəhərin Aziziah çimərliyindən Tarut adasına qədər olan sahil hissəsi "Dammam Corniche" kimi tanınır. Bu gözəl sahil hissəsində müasir incəsənət əsərləri nümayiş etdirilir və axşamlar izdihamlı olur. Füsunkar mənzərəsi, yaşıllıqları, uşaq meydançaları, bufetləri ilə gözəl vaxt keçirmək üçün ideal məkandır. Bundan əlavə, hər il burada milli bayramlar, mərasimlər və şənliklər keçirilir.

Kral Abdulla Parkı

Kral Abdullah Parkı Dammamın sahilində - Kornişində ən çox ziyarət edilən ərazidir. Geniş yaşıllıq sahələrini, restoranları, kafeləri, şəhər teatrını, möhtəşəm fəvvarələri və uşaq meydançalarını özündə cəmləşdirən parkda il boyu müxtəlif festivallar, şənliklər keçirilir.

Mərcan adası

Mərcan adası Kornişin davamı olaraq bölgəyə körpü ilə bağlanan süni bir adadır. Yaşıl əraziləri, əyləncə və istirahət yerləri, restoranları ilə Mərcan adası Dammamın ən məşhur və turistik yerlərindən biridir. Bundan əlavə, süni ada qeyri-adi arxitekturaya malik mayak ilə möhtəşəm görüntü yaradır. Adadakı mayakdan şəhərin gözəl mənzərəsini seyr etməyə çıxın. 

Kral Fəhd Parkı

Dammam və Dəhran şəhərləri arasında nəqliyyatı təmin edən yola paralel uzanan əyləncə parkı nəhəngliyi ilə diqqət çəkir. Bu 1000 km² ərazidə milyonlarla ağac və çoxlu hovuzlar var. Parkın ərazisindən keçən ərazi suları parka bir nağıl ab-havası qatır. Parkın suya olan ehtiyacının böyük hissəsi şəhərin çirkab sularının təkrar emalı hesabına ödənilir. Böyük əyləncə zonası, çoxlu restoranlar, kafelər, saysız-hesabsız şəlalələr, körpülər və süni göllərdən ibarət Kral Fəhd Parkına mütləq gedin.

Modon gölü

Səudiyyənin ən böyük süni gölü adını daşıyan Modon gölü tursitlərin sevə-sevə gəldiyi, səs-küydən uzaq rahat dincəlmək yeridir.

Delfin kəndi (Dolphin Village)

Delfin kəndi Mərcan adasının girişində yerləşir, əyləncə parkı, hovuzu və şou sahələri ilə müxtəlif yaş qruplarından olan şəxslərə əyləncəli saatlar təqdim edir. Xüsusilə bayram və istirahət günlərində bir çox insanın baş çəkdiyi kəntdə həftənin hər günü delfin və suitilərin şoularının nümayişi keçirilir.

Aypara çimərliyi (Half Moon Beach)

Əl-Xubarın cənubunda yerləşən Half Moon Beach, mənzərəli parkı və qumlu çimərlikləri ilə dənizdən həzz almaq üçün ideal yerdir. Çimərlik aypara şəklində genişlənir və 22 min hektar ərazini tutur. Burada yük maşınları və minik avtomobilləri suya batırılır, süni effektlər  yaradılır.

1985-ci ildə yaradılan muzey Dammamın və Səudiyyə Ərəbistanının Şərq bölgəsinin tarixi zənginliyini ortaya qoyur. Altı zaldan ibarət muzeydə gəzərkən, bəziləri tarixdən əvvəlki dövrlərdən qalan qiymətli əşyaları yaxından araşdırmaq imkanı tapa bilərsiniz.

Damamm Miras Kəndi (Dammam Heritage Village)

Yerli mədəniyyətlə tanışlıq üçün mütləq “Miras Kəndi”nə, Dammam muzeyinə gedin. Kənddəki kiçik muzeydə siz yerli əhalinin əsrlər boyu həyat tərzi ilə tanış ola, yerli yeməklərin dadına baxa və orijinal məhsullar ala bilərsiniz.

Dammam mətbəxi

Dammam müxtəlif etnikləri və millətlərin birgə yaşadığı bir yerdir. Dammam mətbəxinin əvəzolunmazları arasında; düyü, toyuq, mal əti, dəvə əti, soğan və müxtəlif ədviyyatlar aparıcı yer tutur. Yerli mətbəxin ən məşhur yeməklərindən biri fıstıq və ya pomidorla zənginləşdirilmiş toyuqlu plovdur. Nejdi Kabsa adlanan bu yeməkdən əlavə, mal əti və ya dəvə ətinin də olduğu Yəmən Mandisi də dadlıdır. Bunlardan başqa demək olar ki, bütün restoranların menyularında Mabshoor, Mitabbak, Foul, Areika, Hareisa, Kebap Meiroo, Hareira şorbalarına rast gəlmək olar. Migalgal, Madhbi Madfun, Maklube, Kibdah, Manzalah, Maasoob, Falafel, xüsusilə Ramazan bayramında yeyilən Magliya, Humus, Falafelin, Biryani və Buxari kimi ənənəvi yeməkləri sınayın.

Yemək və içmək üçün beynəlxalq mətbəxdən, eləcə də ənənəvi ərəb yeməklərindən bir çox nümunələr təqdim edən Dammamda damağınıza uyğun dadı asanlıqla tapacaqsınız.

Dammamdan nə hədiyyə almalı? Harada alış-veriş etməli?

Dammam alış-veriş imkanları baxımından son dərəcə zəngindir. Şəhərin bir çox yerində rahatlıqla qarşılaşa biləcəyiniz müasir alış-veriş mərkəzlərində geyimdən elektronikaya qədər saysız-hesabsız məhsul var. "Al Othaim Mall", "Shiraa Mall", "Dareen Mall", "Al Shatea", "Hayat", "Tamimi", "İbn Khaldoun", "Al Bilad" və "Al Waha" ticarət mərkzələri,. “Share Al Hob”, “Al Souq”, “Souq El Harraj”, “Souq Mecca” və “Souq El Dammam” bazarlarını gəzməyiniz məsləhətdir.

Dammamda gecə həyatı

Gündəlik həyatda sərt qaydaları ilə tanınan Səudiyyə Ərəbistanı yavaş-yavaş öz qabığından çıxmağa və ildən-ilə daha çox mədəni tədbirlərə ev sahibliyi etməyə başlayır. Ölkənin ən turistik şəhərlərindən biri olan Dammamda da bu hiss olunur. Ancaq yenə də şəhər dini qaydalarla idarə edildiyindən spirtli içkilərin satışı qəti qadağandır. Bu səbəbdən şəhərdə bar, gecə klubları kimi əyləncə məkanları yoxdur. Ona görə də ölkənin digər şəhərlərində olduğu kimi burada da gecə həyatı mədəniyyətinin mövcudluğundan danışmaq mümkün deyil. Şəhərdə sosiallaşmaq üçün əcnəbilərin vaxt keçirdikləri yerlərə baş çəkə bilərsiniz. Kafe, şirə salonları və restoranlar yerli əhalinin axşam saatlarında vaxt keçirmək üçün üstünlük verdiyi yerlərdir

Dammama getməzdən əvvəl bunları bilsəniz yaxşı olar

  • Xüsusilə yay aylarında müşahidə olunan həddindən artıq istilər səbəbindən yerli əhali axşam saatlarında küçəyə çıxmağa diqqət yetirir. Bu səbəbdən bir çox yerlər gündüz saatlarında daha sakit olur.
  • Səyahət etməzdən əvvəl özünüzlə aparacağınız əşyaları düzgün şəkildə seçməlisiniz. Çünki şəhərdə gündüz və gecə temperatur fərqləri açıq şəkildə hiss olunur.
  • Korporativ şirkətlər və ticarət mərkəzləri istisna olmaqla, şəhərin bir çox yerində iş saatları namaz vaxtlarına uyğun müəyyən edilir. Cümə günü şəhərdə demək olar ki, bütün məkanlar bağlana bilər.
  • Şəhərdəki yer istiqaməti nişanlarının əksəriyyətində həm ingilis, həm də ərəb dillərində məlumatlar var.

Lazımlı məlumatlar

  • Saat qurşağı: GMT+3
  • Telefon kodu: +966
  • Valyuta: Səudiyyə Ərəbistanı Riyalı
  • Təcili yardım: 997
  • Yanğınsöndürmə briqadası: 998
  • Polis: 999

AviaTravel