1 Noyabr 2021, 10:55

İsrafil Aşurlı: "Dağlarda ən dəhşətlisi insanın laqeydliyidir..."

İsrafil Aşurlını tanıyan hər kəs bilir ki, dağlardan söhbət düşəndə onun gözləri sevgi ilə alışır
Elbrusa yola düşmə ərəfəsində inanılmaz mətanət sahibi olan, Everest dağını fəth etmiş azərbaycanlı alpinist “AviaTravel” ilə dağlar və zirvələrə, yüksəlişlərə və təhlükələrə münasibətini bildirib, eləcə də sadiq yoldaşlar haqqında fikirlərini bölüşüb.
İsrafil Aşurlı:

Qısa məlumat:

İsrafil Aşurlı “Tərəqqi” medalı, I və II dərəcəli “Edelveys” ordeninin və “Qar bəbiri” titulunun sahibidir. Yer kürəsinin bütün qitələrində onun 116 uğurlu yüksəlişləri var. O, Antarktidanın ən hündür zirvəsi - Vinson massivi, eləcə də dünyanın ən hündür zirvəsi - Everest, Himalay nəhəngləri, dünyanın 14 ən hündür nöqtəsindən olan Kançencanqa, Lxotze və Manaslu zirvələrində, planetimizin Şimal qütbündə Azərbaycan bayrağını ucaldıb.

- Deməli, Elbrus ilə başlayaq, Siz bu dağa məşq etməyə gedirsiniz. Elbrusun qeyri-adi bir dağ olduğu bilinir! Sentyabr ayında orada insanların ölümü ilə nəticələnən faciə baş verib. Alpinist bu dağda nəyə hazır olmalıdır?

- Təəssüf ki, bu, Elbrusda baş verən ilk və qorxuram ki, sonuncu faciə deyil. Elbrusa olan maraq durmadan artır. Sosial şəbəkələr fəal şəkildə bu dağı fəth etməyə maraq oyadır. Avropanın ən yüksək, simvolik və eyni zamanda nisbətən əlçatan dağının zirvəsində çəkilmş fotoşəkil hər hansı dağa qalxma bacarığı və təcrübəsi olmayan çox sayda insan cəlb edir.

Elbrusa qalxan hər kəsi alpinist adlandırmaq tam doğru olmazdı. Fikrimcə, alpinist yüksək hündürlükdə bələdçilərin xidmətindən istifadə etmir və bütün lazımi texniki bacarıqlara malik olmaqla, dağlarda idman qrupunun tərkibində və ya lazım gələrsə, müstəqil şəkildə planlarını həyata keçirməyə qadirdir.

Elbrusla bağlı deyim ki, bu dağda yalnız həyatını bələdçilərə həvalə edən təcrübəsiz yeni başlayanlar deyil, həm də kifayət qədər təcrübəli alpinistlər həlak olublar, lakin onların sayı daha azdır. Cənub və şimaldan Elbrusa gedən klassik marşrutlar (yazın sonu, yay və payızın əvvəlində) texniki baxımdan çətinlik yaratmır. Lakin uzun marşrutu, hündürlüyü (və iqlimə uyğunlaşmanı), dəyişən havanı nəzərə almaq və qarlı ərazidə işləmək bacarığına sahib olmaq lazımdır.

- Daha hansı yüksəlişlər planlaşdırılıb?

- 2022-ci ilin mövsümünə hazırlıq prosesi başlayır, həmin il üçün, fikrimcə, bir sıra maraqlı yürüşlər planlaşdırılır, buna görə də bu həftə Elbrusa məşq etməyə gedirəm. Sonra məşqləri öz dağlarımızda davam etdirəcəyəm.

- Siz hər zaman daha da irəli getmək istəyirsiniz, yoxsa sağlam düşüncəniz vaxtında sizi durdura bilir?

- Yuri Vizbor oxuduğu kimi “... Amma bir qanun var - irəliyə doğru hərəkət. Və kim onu bilmir, bizi başa düşəcəkmi...”

Mən dağları, onlarla görüşməyi sevirəm. Dağlarda planlarımı həyata keçirdiyimdən və istədiyimə çatdığımdan xoşbəxtəm. Ancaq eyni zamanda, geriyə dönə bilməyəcəyim o görünməz xətti keçməmək mənim üçün vacibdir.

Hesab edirəm ki, fiziki vəziyyətim imkan verdikcə dağlara gedəcəyəm.

- Eşitmişəm ki, çətin yüksəliş zamanı ən parlaq duyğu qorxudur! Bunu anlamaq qəribədir, çünki alpinistlər həmişə qorxmazlığı ilə seçilirlər.

- Elə olmur ki, dağlarda daim qorxasan. Həm də təcrübə ilə, başlanğıcda qorxulu olan şey daha sonra bizi qorxutmur.

Potensial təhlükə və təhdidləri anlamaq insanı çıxılmaz vəziyyətə salmamalıdır. Qorxu adlandırıla bilən şey, bizə vacib və bəzən həyati qərarlar qəbul etməyə təkan verməlidir. Bəli, bəzən hadisə anında deyil, baş verənlərdən sonra vəziyyəti ağlınızda təkrarlayanda insan qorxmağa başlayır.

- Əslində, dağ insanın xarakterini necə ifşa edir? Dağlarda ən yaxşı dostun kim olduğunu - soyuq hesablama və ya sadiq yoldaş - necə başa düşmək olar?

- Dağlarda uzun müddət riyakarlıq etmək mümkün olmayacaq - gec-tez maskalar düşəcək. Ortaya çıxan çətin vəziyyətlər insanda olan ən yaxşı və ən pis xüsusiyyətləri üzə çıxarır.

Etibarlı yoldaş, yaxşı hava, gözəl hazırlıq dağlardakı ən yaxşı dostlarımdır. Yoldaşınız elə olmalıdır ki, istənilən halda ona güvənə biləsiniz, o da, öz növbəsində, sizə etibar edə bilsin. Və bu münasibətlərdə ən vacibi: verilən sözə sadiqlik, dürüstlük, kompromis tapmaq bacarığıdır.

Yoldaşlarını yalnız şəxsi ambisiyalarına nail olmaq üçün istifadə edən, əvəzində heç nə verməyə hazır olmayan “soyuq hesablama” həvəskarları isə çox məyus olacaqlar. Dağlarda, şəhərdən daha kəskin şəkildə, sadə bir həqiqəti başa düşürsən: dostluq ikitərəfli bir yoldur.

Özümdən bilirəm ki, yoldaş tapmaq çətindir, onu itirmək daha da çətindir. Yanıldıqdan sonra yanında olduğum və döyüşməyə hazır olduğum insanları çox diqqətlə seçirəm. Bir sıra insanlar var ki, onlarla heç bir şəraitdə yenidən dağlara qayıtmaq istəmirəm.

- Alpinistlər deyirlər ki, dağlarda özlərini azad hiss edirlər - bu nə deməkdir? Doğrudandamı, dağlardan aşağı həyat onlara azad gəlmir?

- Mütləq həqiqət deyil, amma özüm də tez-tez “alpinizm azadlıqdır” dediyim üçün, mənim anlayışımda bu, ruh azadlığıdır.

Marşrut seçmə azadlığı potensial təhlükələrlə diktə edilir, müxtəlif ərazidə hərəkət azadlığı isə alpinistin hazırlıq səviyyəsindən asılıdır.

- Bəs dağlarda bəzi şeylər yanlış gedərsə, nə edək? Dağlarda təhlükə ilə təkbətək qalmısınız? Dağlarda ən təhlükəli şey nədir?

- Dağlarda gözlənilməz hallar, xoşagəlməz anlar yaşamışam. Haradasa ağır xəstələndim, haradasa terrorçuların hücumuna məruz qaldım, haradasa qar uçqunu altına düşdüm, haradasa donub qaldım.

Ancaq bir halda ki, suallarınıza cavab verirəm, deməli, mən hələ də bu tərəfdəyəm və keçirdiyim təcrübə, dəyərli olan və gələcəkdə daha ciddi problemlərdən qaçmağa imkan verəcək şəxsi təcrübəmdir.

Dağlarda ən dəhşətlisi isə insanın laqeydliyidir...

- Zirvəyə vizual olaraq yaxın olduğunuz zaman hansı səbəblərdən geri dönməli olmusunuz?

- Bu, qəbul edilməli olan ən ağır qərarlardan biridir. Təsəvvür edin ki, alpinist zirvəyə yanaşmaq üçün çox vaxt, mənəvi və fiziki güc, pul sərf edir. Bədənin və ruhun döyüşməyə hazır olduğu anda ağıl bunun indi mümkün olmadığını anlayır və geri çəkilmək əmrini verir. Çünki daha da irəli getsəniz, geri dönməyəcəksiniz.

Dağı fəth etmək üçün yola çıxan insan, bu və ya digər dəyişikliklərə düzgün reaksiya verərək ətrafdakı və daxilindəki vəziyyəti daim təhlil etməlidir.

- Sizdən sonra heç kimin təkrar edə bilmədiyi marşrutlar varmı? Hansı məşhur dağlar artıq fəth edilib?

- Azərbaycanda ilk etdiyim işlər, ümumiyyətlə, dünyada ilk dəfədir həyata keçirilmir. Ancaq təəssüf ki, azərbaycanlı alpinistlərindən heç biri indiyə qədər mənim bacardığım işlərin çoxunu təkrarlamayıb. Çox güman ki, bu, şəxsi motivasiya ilə bağlıdır. Motivasiya müvafiq səviyyədə olduqda, həyata keçirilməsi üçün fürsət axtarırsınız. Motivasiya olmadıqda və ya az olduğu halda, hərəkətsizliyinə bəraət qazandırmaq üçün bir çox səbəb göstərilir.

İndiyə kimi 120-yə yaxın uğurlu yüksəliş əldə etmişəm. Və müxtəlif səbəblərə görə planıma nail ola bilmədiyim 20-yə yaxın hadisə mövcuddur. Amma bu, yuxarıda qeyd etdiyim kimi, uğursuzluq deyil, mənə çox kömək edən dəyərli təcrübədir.

Hündürlüyü 8000 metrdən çox olan dünyanın ən hündür dağlarından danışırıqsa və onların sayı cəmi 14-üdür, onlardan 4-nə uğurla yürüş etmişəm. Bunlar Everest (Comolunqma, Saqarmatha. 2007), Kançencanqa (2011), Lxotze (2019), Manaslu (2019) zirvələridir.

- Yorğun olduğunuz an yüksəlişin yeni başlandığı məqamdır?

- Əslində, hücuma istirahət etdikdən və güc yığdıqdan sonra getmək lazımdır, lakin bəzi şeylər yanlış gedə bilər. Kançencanqda, zirvəyə çıxmazdan əvvəl 7600 m yüksəklikdəki hücum düşərgəsində üç gecə keçirdim. Adətən hücum düşərgəsində çox vaxt sərf edilmir. Alpinistlər oraya qalxırlar, bir neçə saat dincəlirlər və hücuma cəhd edirlər, bundan sonra yubanmadan aşağı enməyə çalışırlar.

Lakin 7600 metr hündürlüyə çatdığımız anda hava pisləşdi və üç gün ərzində qurduğumuz çadırda havanın yaxşılaşmasını gözlədik. Belə bir hündürlükdə bədən gücünü itirir, onu bərpa edə bilmir. Orqanizm qidanı pis qəbul edirdi, demək olar ki, qardan əritdiyim distillə edilmiş su boğazımda qalırdı.

Zirvəyə hücum etmək üçün ilk cəhddən sonra düşərgəyə qayıtdım, çünki ciddi donvurma riski var idi. Lakin növbəti gecə, bütün mümkün qüvvələrdən yalnız mənəvi qüvvələrin qalmasına baxmayaraq, çadırdan çıxıb zirvəyə qalxıb geri dönə bildim... 20 saat ərzində. Təxminən bir gün yeridim. Həqiqətən, biz daxilimizdə gizlənən gücü tam bilmirik. Ancaq yenə də ruh ilkindir, onu sındırmaq olmaz.

- Növbəti dağdan qayıdarkən Sizə “Afərin! Yaxşı ki, sağ-salamat qayıtdın!” deyiblər?

- Bu il bu ifadəni iki dəfə eşitmişəm.

- İllər keçdikcə seçim qarşısında qalırsınız: ailənizlə vaxt keçirmək və ya növbəti zirvəni fəth edərək dağlarda donmaq?

- Böyük dağlar ailəmdən, qohumlarımdan, dostlarımdan ayrı keçirdiyim çox vaxt tələb edir və bu, mənim üçün çox ağır sınaqdır. Uzun müddət yoxluqdan sonra zirvəni fəth etmədən qayıtmaq xüsusilə ağır gəlir, bu o deməkdir ki, oraya yenidən qayıtmaq lazımdır ... Beləliklə, qarşıda daha bir ayrılıq gözləyir. Amma özümə “Dur!” deməməyimin səbəbləri var.

- Deyirlər ki, alpinistlər arasında zirvədə duraraq bir-birini təbrik etməmək inancı geniş yayılıb. Sizi heç təbrik ediblər?

- Mən bunu inanc adlandırmazdım, amma sovet və postsovet alpinizmində zirvəyə çatan an təbrik etmək adət deyildir. Enişdə təhlükə sovuşandan sonra təbrik etmək məntiqlidir. Bir qayda olaraq, problemlərin əksəriyyəti eniş zamanı, alpinist yorğun olduqda və o qədər də cəmləşmədikdə baş verir. Amma bu o demək deyil ki, biz zirvədə qucaqlaşıb əl sıxa bilmərik.

- İsrafil, söhbətə görə təşəkkürlər. Gələcək yüksəlişinizdə və planlarınızın həyata keçirilməsində uğurlar diləyirik!

Teqlər: