27 Dekabr 2021, 11:31

158 günə dünyanı gəzən Fərid Novruzi ilə - MÜSAHİBƏ

O, təyyarəyə minmədən 60 min km məsafə qət edib, bunun 40 km okeanlardır
158 günə dünyanı gəzən Fərid Novruzi ilə  - MÜSAHİBƏ

Fərid bəy, dünya səyahətini uğurla başa çatdırmağınız münasibəti ilə səmimi təbriklərimi qəbul edin. Sizi səyahətçi və dağçı kimi tanıyırdıq. Adətən səyahətçilər dünyanı yavaş-yavaş illər ərzində gəzirlər. Bəs necə oldu ki, siz dünyanı 180 günə (əslində 158 gün sərf olundu) səyahət etmək qərarına gəldiniz? Ümumiyyətlə, dünyanı təyyarəsiz gəzmək ideyası hardan idi?

- Müsahibəyə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Dünya turu etmək çoxdankı arzum idi, amma arzuma təkan verən bir hadisə oldu. Bir ukraynalı səyahətçi bu səyahəti 280 günə etmişdi, mən də qərara gəldim ki, 180 günə edim. Amma Allahın izni ilə 158 günə yekunlaşdırdım.

- Hazırlıq prosesi, planlama nə qədər vaxt apardı?

- Bildiyiniz kimi, pandemiyaya görə mənim bu səfərim iki hissədən ibarət oldu. Birinci hissənin hazırlığı bir az uzun, hardasa altı ay çəkdi, çünki əksər ölkələrin vizasını o zaman hazırlamağa başlamışdım. İkinci hissə isə cəmi iki həftə çəkdi, çünki pasportumda artıq vizaların əksəriyyəti var idi. Bundan sonra rahat səyahətə çıxa bildim. Amma əsas məsələlərdən biri əlbəttə ki, COVİD19 idi, onunla bağlı da şükür, problem olmadı.

- Ümumiyyətlə dünya turu nədir? Onun parametrləri necə müəyyən olunur?

- Dünya turu müxtəlif variantlarda olur. Onu təyyarə ilə, hava şarı, velosiperlə və ya avtomobillə də etmək olar. Əsas odr ki, dünyanı dövr edəsən. Lakin daha maraqlı olmağı üçün bəzi milli coğrafiya cəmiyyətləri müxtəlif tələblər irəli sürürlər. Tələblər odur ki, 40 min km məsafə qət olunmalıdır, ekvator xətti cənubdan şimala, şimaldan cənuba keçilməlidir,  Yer kürəsinin iki əks nöqtələrində olmaq mütləqdir, Antarktida xaric hər bir qitəyə ayaq basılmalıdır. Bu tələblər yerinə yetiriləndə siz dünya səyahətçisi olursunuz. Amma buna görə medal, fəxri fərman verilmir (gülür). Lakin bu şəkildəki səfərlər daha gerçək, daha maraqlı və macəralı olur. Kim bacarırsa bu cür etsin, bacarmayanlar isə istədikləri kimi dünyanı dövr vursunlar.

- Bu səfər ərzində 60 min km qət edərək 40 ölkədə olmusunuz. Ən bəyəndiyiniz və bəyənmədiyiniz ölkə hansı oldu? Səbəbini də qeyd edərdiniz, zəhmət olmasa.

- Bəli, 60 min km. Onun 40 min kmi okean və dənizlərlə, 20 min km-i isə quruda oldu. Hansı ölkəni bəyənib-bəyənmədiyimi soruşursunuz, bu mənə verilən ən çətin sualdır, əslində bütün ölkələr gözəldir. Hər ölkənin öz özəlliyi var. Amma ən çox xoşuma gələn elə sonuncu olduğum ölkə, Kosta-Rika oldu. Ondan əvvəl, yəni səfərin birinci hissəsində Yeni Zelandiya. Bu iki ölkənin təbii gözəlliyi məni valeh etdi. Çox cazibədar gözəlliyi və unikal yerləri var. Ona görə də bu iki ölkəni seçirəm. Bəyənmədiyim ölkəyə gəldikdə isə, əslində bəyənmədiyim ölkə olmadı, bir az Kolumbiyada özümü təhlükəsizlik mənasında rahat hiss etmədim.

- Hansı ölkə sizi yaxşı mənada təəccübləndirdi?

- Coğrafi tərəfdən bizə ən yaxın olan zonalardan biri olan Balkan ölkələri məni çox təəccübləndirdi. Mənim indi 44 yaşım var, amma indiyə kimi Balkan ölkələrində Albaniya, Montenegro, Bosniyada heç vaxt olmamışdım. Bu ölkələr tarixi gözəlliyi ilə məni çox təəccübləndirdi, bəyəndim. İnşallah bu ölkələrə bir daha dönməyə çalışacağam.

- Siz Atlantik okeanı yelkənli gəmidə, təxmini 30 günə keçdiniz. Yelkənli gəmi ilə kruiz laynerlərinin əsas fərqi nədir? İş prosesində gəmi kapitanı yelkənləri tənzimləməyə və ya digər işçi hərəkətləri etməyi sərnişinlərə icazə verirdimi? Yəni sadəcə əyləncə və maraq üçün.

- Çox gözəl sualdır. Kruiz və yelkənli gəmilərin arasında çox böyük fərq var. Zənn edin ki, kruiz gəmisi su üzərində bir hoteldir və orda çox komfortlu səyahət edə bilirsiniz. Orda hər şey olur, restoran, əyləncə, alışveriş mərkəzləri. Dəniz və okeanları çox rahat keçir, orda narahatlıq olmur. Amma istisnalar da olur, güclü fırtına, qasırğa hallarında bəzi çətinliklər olur, amma onun xaricində siz heç nə hiss etmirsiniz. Hər gün yeni ölkə, yeni şəhərə gəlirsiniz. Kruiz gəmilərinin sürəti də daha çox olur və getdiyiniz yerə daha tez çatırsınız. Yelkənli gəmi isə, yelkənləri nə qədər böyük və çox olsa belə suya daha yaxındır və yellənməyi çox olur. Gəmidə keçirdiyim 30 gün ərzində yellənmədiyi gün olmadı. Hətta külək olmayanda belə yenə yellənmə var idi. Daha bir fərq ondadır ki, kruiz gəmisindən 2-3 min sərnişin olur və heç kim bir-birini tanımır, daha çox bir-birlərindən məsafə saxlayaraq vaxt keçirirlər, kapitanı da arada bir görürsünüz. Lakin yelkənli gəmidə siz komandanın bir parçası olursunuz, yelkənləri qaldıranda heyətə onlara kömək edə bilərsiniz, kapitanı hər gün görmək, söhbət etmək imkanı olur. Eyni zamanda gəmini idarə edən kollektivlə də rahat ünsiyətdə olmaq olur. Baxmayaraq ki, yelkənli gəmi kruzin 1 günə getdiyi mesafəni iki günə gedir, mən yelkənli gəmini çox sevdim, çünki vaxt daha maraqlı keçir.

- Səfər boyunca özünüzlə gəzdirdiyiniz və imkan olduqca dalğalandırıdığınız Azərbaycan bayrağı var idi. Qayıdandan sonra həmin bayrağı bayraq muzeyinə bağışladınız. Səfərin əvvəlində bu fikir var idi? Bəs Azərbaycan bayrağını harda daha çox tanıdılar?

- Belə bir fikir məndə əvvəldən var idi. Çünki istəyirdim ki, dünyanı səyahət edən bayrağımız da olsun. Həmin bayraq əvvəllər də mənimlə dünyanı gəzib, əksər çıxdığım zirvələrdə onu dalğalandırırdım. Onunla yaxşı xatirələrdim var idi, istəyirdim ki o bayraq ən gözəl məkanda öz yerini tutsun və düşünürəm ki, Bayraq muzeyindən daha gözəl yer ola bilməzdi. Bu ideya əvvəldən olduğu üçün bayrağı daim öz üzərimdə daşıyırdım. Ən gözəli isə yelkənli gəminin maçtasında onu dalğalandırmaq oldu.

- Bizdə olan məlumata görə, siz "Pfizer" pervəndi vurmusunuz. Peyvənd sertifikatınız bütün səfər etdiyiniz ölkələrdə tanındı?

- Bəli, “Pfizer” peyvəndi vurdurmuşdum və onun sertifikatı var idi üzərimdə. Bütün ölkələrdə qəbul olundu, heç bir ölkədə şübhəyə salmadılar, sertifikatınız keçmir və ya etibarsızdır demədilər. Şükür Allaha Azərbaycanda verilən peyvənd sertifikatı ilə bütün ölkələri keçə bildim. Əksər ölkələr “Pfizer”i şərtsiz qəbul etdiyi üçün rahat kekdim.

- Bəs, səyahət sığortası almışdınız?

- Əlbəttə, səyahət sığortam var idi. Çünki bəzi ölkələrə giriş üçün səyahət sığortası tələb olunur. Ümumiyyətlə səfər zamanı yanımda bir sığortanın olmasında fayda var.

- Siz ümumilikdə 23 sərhəd keçmisiniz. Hansı ölkə sərhədini keçəndə daha çox həyəcanlandınız?

- Ümumiyyətlə hər bir sərhəddə həyəcanlanırdım (gülür). İndi belə rahat danışmağıma baxmayın ki, peyvənd keçirdi filan, lakin sərhədə gələndə bu narahatlıq həmişə var idi. Ən nigaran olduğum isə Avropada Şengen zonaya girəndə olmuşdu, şükür ora rahat keçdim. Bir də istəmədən Şengen zonadan çıxıb Melilya şəhərinə getdim. Melilya Afrika ərazisində İspaniyanın anklavıdır. Amma İspaniya ərazisi olsa da, Şengen zonaya daxil deyil. Ordur ki, ora girəndə Şengen zonadan çıxmış oldum. Ona görə istəmədən Şengen zonasından çıxdım ki, Melilyaya girəndə heç bir pasport nəzarəti məntəqəsi yoxdur, amma təzədən İspaniyaya qayıdanda Şengen zonaya giriş etməlisən. Multi viza yoxdursa buraxılmayacaqsan. Melilyadan afrikalı miqrantlar Avropaya keçid kimi istifadə edirlər, mənə də bu səbəbdən şübhəli yanaşıb İspaniya sərhədçiləri buraxmaq istəmirdilər, amma şükür Allaha hər şey yaxşı tamamlandı.

- Səfər müddətində ekvator xəttini iki dəfə keçdiniz. Hansı ölkələrdə bu baş verdi?

- Bəli, iki dəfə keçdim, şimaldan cənuba keçən zaman Ekvadorda oldum, adından da bəllidir ki, bu ölkə ekvator xəttində yerləşir. İkinci dəfə isə Hind okeanında Avstraliyadan Şri Lankaya gedən zaman keçdim. Çox maraqlı an idi, o bölgənin şəklini də çəkə bildim.

- Bu səfər sizə nəyi öyrətdi?

- Bu səfər mənə çox şeyi öyrətdi. Birincisi odur ki, səyahət nigaranlığımı dəf etdim, əvvəl də səyahət etməkdən qorxmurdum, amma artıq bütün dünyanı gördükdən sonra, yəni bütün ölkələri görməsəm də, dünyanı dövr edib gəldikdən sonra səfərlərdə narahatlığın olmamağına əmin oldum. Təcrübə topladım, səyahət təcrübəsi, hansı ölkədə nə gərəklidir, nə götürmək, nə etmək lazımdır onları bildim. Səbrli olmağı öyrəndim, çünki insan uzun müddət səyahət etdikcə səbrə çox ehtiyacı olur, çünki insan uzun səyahətlərdə yorulur, amma şükür Allaha bunu da öyrəndim. Ən böyük təcrübə də odur ki, insanları tanıdım, dostlar qazandım və çox gözəl səyahətə imza ata bildim.

- Dünya səfərinə hazırlaşan səyahətçilərə tövsiyəniz nədir?

- Əvvəldə də dediyim kimi, dünya səyahətinə çıxanda çalışın bütün sənəd işlərində diqqətli olun, çünki viza məsələsi o qədər önəmlidir ki, orada bir nöqsan çıxsa çətinlik yarana bilər. Misal üçün düşünə bilərsiniz ki, şengen vizası ilə Fransanın bütün ərazilərinə daxil ola bilərsiniz, hətta Cənubi Amerikadakı adalarına belə. Amma əslində onların hamısına ayrıca viza alınmalıdır. Olmasa sizi ora buraxmayacaqlar və səfəriniz pozulacaq. Ona görə sənəd, viza, sığorta çox önəmlidir.

Bunları etdikdən sonra dünya səyahətinə çıxan zaman gedəcəyini bütün ölkələri öyrənin, ordakı qaydaları, adətləri, xüsusi qanunları belə. Misal üçün İranda dron qaldırsanız sizi buna görə həbs edə bilərlər və ya bəzi ölkələrdə aeroportlarda çəkiliş etmək qəti qadağandır. Amma bütün bunlara baxmayaraq dünyanı gəzməkdən çəkinməyin, dünya səyahətinin tələblərindən kənar belə gəzə bilərsiniz, bu mütləq deyil, elə öz istəyinzə görə gəzin, dolaşın. 

Bir daha müsahibəyə dəvət etdiyiniz üçün təşəkkür edirəm.

AviaTravel