20 May 2022

Ədirnədə Osmanlı saray mətbəxinin ən gözəl yeməkləri təqdim olunacaq

Ədirnədə Osmanlı saray mətbəxinin ən gözəl yeməkləri təqdim olunacaq

Türkiyənin şimal-şərqində yerləşən Ədirnə şəhərində Osmanlı saray mətbəxinin ən gözəl yeməklərini təqdim edəcək “Türk mətbəxi həftəsi” keçiriləcək.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Ədirnə vilayətinin Mədəniyyət və Turizm İdarəsinin müdiri Kamal Soytürk məlumat verib.

Türkiyə Prezident Administrasiyasının, həmçinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin patronajı ilə keçiriləcək tədbirə Türkiyənin birinci xanımı Əminə Ərdoğan himayəlik edir.

“Vətəndaşları unudulmaq üzrə olan mühüm türk yeməkləri ilə tanış edəcəyik. Reseptlərdən danışacağıq. Müxtəlif tədbirlər vasitəsilə biz Türkiyə mətbəxinə və qastronomiyasına diqqət çəkəcəyik”, -deyə Söytürk bildirib.

Tədbirdə təxminən bir əsr Osmanlı dövlətinin paytaxtı olmuş Ədirnənin saray mətbəxi nümunələri təqdim ediləcək.

Osmanlı mətbəxinin yeməkləri Rumeli İncəsənət Akademiyasının mətbəxində hazırlanacaq yeməklərdən yerli sakinlərdən başqa, əcnəbilər də dada biləcəklər.

Qonaqlar zirva, mutancana, ballı mahmudiyə və qızılgül şərbəti kimi məşhur Osmanlı təamlarını dada biləcəklər.

Tədbir mayın 21-dən 27-dək davam edəcək.