29 Noyabr 2021, 10:53

COVİD-in "Omikron" ştammı Britaniyanı və Avropanı yenidən çalxaladı

Böyük Britaniya hökuməti yeni mutasiyaya görə daha 4 ölkəni qırmızı səyahət siyahısına əlavə edib
COVİD-in

Cənubi Afrikada rast gəlinən və Omikron adlanan yeni COVID-19 mutasiyası Britaniyada 2 nəfərdə aşkarlanıb. Səhiyyə naziri Səcid Cavid açıqlamasında yoluxmalardan birinin Çelmsfordda, digərinin isə Nottingemdə olduğunu bildirib. Qeyd edək ki, Azərbaycan rəsmiləri ölkəmizdə bu ştammın olmadığını bəyan ediblər. 

Böyük Britaniyada isə yeni mutasiyanın yayılmasının qarşısını almaq üçün yeni tədbirlərin görüləcəyini bildirən nazir “Biz hər zaman çox açıq şəkildə bildirmişik ki, lazım gələrsə, əlavə tədbirlər görməkdən çəkinməyəcəyik”, - deyib.

Böyük Britaniya hökuməti yeni mutasiyaya görə daha 4 ölkəni qırmızı səyahət siyahısına əlavə edib. Cənubi Afrika Respublikası, Botsvana, Namibiya, Zimbabve, Lesoto və Esvatinini qırmızı siyahıya daxil edən Səhiyyə Nazirliyi Anqola, Mozambik, Malavi və Zambiyanı da siyahıya əlavə edib. Yenilənməyə əsasən, noyabrın 28-i yerli vaxtla saat 04:00-dan etibarən bu ölkələrdən Böyük Britaniyaya gələnlərə 10 günlük otel karantini tətbiq etməli olacaqlar.

Baş nazir Boris Conson isə ölkə daxilində yenidən mağazalarda və ictimai nəqliyyatda maskalardan istifadənin və xaricdən gələnlər üçün PCR testinin məcburi olacağını bildirib. O, yeni variantın bütün dünyaya yayıldığını və mutasiya haqqında hələ kifayət qədər məlumatın olmadığını bildirib.

Avropa Komissiyasının sədri Ursula Von der Leyen isə bəyan edib ki, koronavirusun “Omikron” ştamını ətraflı öyrənmək üçün alimlərə təxminən iki-üç həftə vaxt lazımdır.

“Biz “Omikron” haqqında hər şeyi bilmirik, lakin bu ştam narahatlıq doğurur. Alimlərə və peyvənd istehsalçılarına yeni ştam haqqında tam təsəvvürə malik olmaq üçün iki-üç həftə vaxt lazımdır. Bunu etmək vacibdir. Bu vaxtdan istifadə edin”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Avropa İttifaqı üçün yeni ştamın yaranması fonunda ən vacib məqam insanların təmas dairəsinin daralması və peyvəndləmə olacaq.

 

Teqlər: