2 Noyabr 2021, 10:46

Azərbaycan restoranlarında əsası olmayan bahalı qiymətlər - problemi necə həll etmək olar?

Mütəxəssislər iaşə obyektlərini təsnifləşdirməyi təklif edirlər
Azərbaycan restoranlarında əsası olmayan bahalı qiymətlər - problemi necə həll etmək olar?

Əhali arasında tez-tez Bakıdakı bir sıra restoranlarda qiymətlərin xidmət səviyyəsinə uyğun olmadığı barədə şikayətlərə rast gəlinir.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə heyətinin sədri Samir Dübəndi açıqlamasında bu kimi problemlərin səbəbləri və həlli yollarından danışıb.

O bildirib ki, ölkədə restoranların təsnifatı olsa, belə narazılıqlar azala bilər:

“Bizə də bəzən restoranlarda qiymətlərin baha olması barədə şikayətlər gəlir. Sosial şəbəkələrdə də bu şikayətlərə rast gəlirik. Biz restoranların çoxunun da maraqlarının qorunması üçün onlarla daim əlaqə saxlayırıq. Son illərdə ictimai iaşə obyektlərinin sayı artıb. Bu gün ölkədə 30 mindən artıq ictimai iaşə müəssisəsi var. Bura müxtəlif tipli restoranlar, yeməkxanalar, kafelər, kiçik müəssisələr, fəstfudlar və digərləri aiddir. Onların içində yerli və xarici restoranlar var. Bakıda hər cür qiymətlərlə restoranlar fəaliyyət göstərir. Paytaxtda həm nisbətən aztəminatlı insanlar üçün nəzərdə tutulan, həm də bahalı yerlər var.

Bizdə restoranların təsnifatı yoxdur. Amma hotelləri təsnif edirik, yəni hotellər ulduz təsnifat sisteminə qatılırlar. Bu da könüllü xarakter daşıyır və uzun müddətdir ölkəmizdə tətbiq olunur. Restoranları isə biz heç bir katerqoriyalara bölmürük. Beynəlxalq təcrübədə isə restoranlar da kateqoriyalara bölünür. Məsələn, "fine dining" restoranlar, hansı ki, yüksək mətbəx təmsil edən və öz mətbəx məhsulları ilə seçilir və daha çox şam yeməyi üçün nəzərdə tutulur, bir qədər gündəlik olan "casual" restoranlar, əhaliyə “tez yemək” təklif edən fəstfudlar var, barlar, kafelər, o cümlədən hotellərin içində fəaliyyət göstərən restoran və kafelər var, vaqon restoranlar, kruiz gəmilərində restoranlar və digərləri. Kateqoriyalar çoxdur".

Assosiasiya sədri bu sahədə maliyyə dəstəyi olarsa, müəyyən standartları işləyib təqdim etməyə hazır olduqlarını bildirib:

“Bu istiqamətdə bizim qanunvericilikdə bir qədər boşluq var və bu məsələnin üzərində çalışmaq lazımdır. Biz dövlət qurumları ilə bərabər bu və ya digər yeni standartların işlənməsini həyata keçirə bilərik. Sadəcə buna bir qədər maliyyə dəstəyi lazımdır. Çünki bu məsələ üzərində çalışan ekspertlər haradansa məvacib almalıdırlar və bununla biz bu sahədə olan dünyada bərqərar olmuş müxtəlif qayda və standartları Azərbaycanda tətbiq edə bilərik".

S.Dübəndi hesab edir ki, restoranda qiymət yüksəkdirsə, bunun arxasında yüksək də xidmət olmalıdır:

"Restoran biznesinə başlamaq üçün şərtlər sərtləşdirilməlidir ki, səriştəsiz insanlar bu işlə məşğul ola bilməsin. Biz azad iqtisadi şəraitdə yaşayırıq. Bazar özü qiymətləri tənzimləyir. Dövlət tərəfindən bu məsələyə müdaxilə etmək mümkün deyil. Yalnız digər məsələləri düzgün tənzimləsək, düzgün nəzarətdə saxlasaq, qiymət problemi də həll olur. Məsələn, yuxarıda qeyd etdiyim standartları tətbiq edə bilərik. Bu gün restoran biznesinə gəlmək asandır. Bu iş az investisiya tələb edir və hər kəs bu işlə məşğul ola biləcəyini düşünərək, başqalarının burdan qazanc əldə etdiyini görən kimi bu biznesə üz tutur. Nəticədə restoranlarda keyfiyyətsiz yeməklər, keyfiyyətsiz xidmət, uyğun olmayan qiymətlər təqdim olunur. Odur ki, digər məsələlər tənzimlənsə, qiymətlər məsələsi də tənzimlənəcək. Bu biznesə gəlmə şəraitini, şərtlərini bir az sərtləşdirmək lazımdır. Müəyyən tələblər ortaya çıxmalıdır. Digər tərəfdən həmin müəssisələrdə çalışan personalın keyfiyyətli və peşəkar olmasına diqqət yetirmək lazımdır. Məsələn, elə dönər fəstfudlarını götürək. Oradakı dönərçilərin harda təhsil alması, qida təhlükəsizliyi haqqında, peşə bilik və bacarıqları haqqında hansı diplom və ya sertifikatının olması sual altındadır”.

Assosiasiya sədri bildirib ki, restoranlardakı vəzifələr üzrə peşə standartlarının düzgün tətbiqi keyfiyyət və qiymət problemlərinin həllinə təsir göstərə bilər:

“Bu gün restoran biznesi bir qədər nəzarətsiz qalıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yalnız qida təhslükəsizliyi qaydasıyla məşğul olur. Amma bu sahədəki insanların peşə bilik və bacarıqları təkcə qida təhlükəsizliyi haqqında olan biliklərdən formalaşmır. Burada ixtisasa aid digər bilik və bacarıqlar da olmalıdır. Bir çox vəzifələr üzrə, yəni elə həmin dönərçilərin, masa xidmətlçilərinin, qənnadçıların, xadimələrin, aşbazların, qabyuyanların və digərlərinin peşə və kvalifikasiya standartları işlənib hazırlanıb. Sadəcə onların tətbiqi güclü və düzgün olmalıdır. Bununla biz həmin müəssislərdə keyfiyyətə və qiymətlərə də təsir göstərə bilərik”.

report.az

Teqlər: