22 Sentyabr 2022

"Mir" qapısı bağlanır...Ruslar “kart turizmi”nə başlayıblar

Türkiyənin İş Bankı və Denizbank "Mir" ödəmə sistemindən istifadədən imtina etdikdən sonra Rusiyada "kart turizminin" canlanacağı gözlənilir.

“Kommersant” qəzeti yazır ki, rusların VISA və Mastercard almaq üçün Özbəkistan, Qazaxıstan, Ermənistan, Gürcüstan və Türkiyə kimi ölkələrə səfərləri artıb.

B2B.Ostrovok.ru platformasının sorğusunda iştirak edən tur şirkətlərinin 53%-i müştərilərdən “kart turu” təşkil etmək üçün müraciət aldığını bildirib. Şirkət nümayəndələrinin 35 faizi artıq bu cür tur təşkil etdiklərini bildirib. Kartların verilməsi üçün ən çox ziyarət edilən ölkələr 48 faizlə Özbəkistan və 45 faizlə Qazaxıstandır.

Özbəkistanın tur şirkətləri artıq bununla bağlı reklam kampaniyaları da başlayıblar. Ruslara 3 gün ərzində kart açacaqlarını və bunun müqabilində Özbəkistana 1 həftəlik səyahət təklif edirlər. 

Turkrus.com-un verdiyi xəbərə görə, Türkiyənin payı yüzdə 21-dir. “Kommersant”a danışan bəzi turizm sənayesi nümayəndələri kart turizminin gələcəyinə şübhə ilə yanaşırlar. Rusiya Tur Sənayesi Dərnəyindən Dmitri Gorin, Türkiyənin ildə ən az 4 milyon rus turisti qəbul etdiyini, lakin kart turizminin baş verməsi üçün türk banklarının rus turistlərə kart verməyə hazır olmasının lazım gəldiyini söylədi.

Debet kartları sahəsi üzrə ekspert Roman Proxorov Rusiya vətəndaşlarının gələcəkdə açdıqları hesabların ikinci dərəcəli sanksiyalardan yayınmaq istəyən banklar tərəfindən bloklanması riskinin olduğunu vurğulayır.

 

AviaTravel