15 Sentyabr 2022, 15:49

Tətillərin bitməsi regionlarda hotel və restoran qiymətlərini ucuzlaşdırıbmı?

Bu gün beş ulduzlu region mehmanxanalarında bir otağın bir gecəlik qiyməti 150-180 manat ətrafındadır. Həftə sonu qiymət 20-30 manat artır.
Tətillərin bitməsi regionlarda hotel və restoran qiymətlərini ucuzlaşdırıbmı?

Yay mövsümünün sonuna doğru və təhsil müəssisələrində dərslərin başlaması ərəfəsində regionlardakı hotellərdə qiymətlərin nisbətən azalması müşahidə edilir.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi bildirib ki, əmək məzuniyyətinə çıxanların da artıq işlərinə dönməsi nəticəsində bölgələrdə turizm fəaliyyətləri bir qədər səngiyir:

“Bu gün beş ulduzlu region mehmanxanalarında bir otağın bir gecəlik qiyməti 150-180 manat ətrafındadır. Həftə sonu qiymət 20-30 manat artır. Növbəti qiymət artımnını Yeni il ərəfəsində müşahidə edəcəyik. Regionlarda daha aşağı kateqoriyalı hotellər və digər yerləşmə vasitələrinin sayı çoxdur, bunları seçib baxmaq olur və belə təkliflər gündən-günə artır. Bu gün turizm sənayesində sürətli bərpa olma prosesləri gedir. Bu canlanma regionlarda daha çox müşahidə edilir. Amma bu bütün regionlarımıza aid deyil, daha çox ənənəvi inkişaf etmiş turizm destinasiyalarımıza aiddir".

Onun sözlərinə görə, hotellərə nisbətən restoran sektorunda qiymət artımı müşahidə edilir: "Bu, bir sıra amillər, ümumi bahalaşma və xüsusən də bir sıra qida məhsullarının qiymətinin artımı ilə bağlıdır. Digər tərəfdən restoranlarda fürsətçilik halları da var. İkili menyular istifadə olunur və xarici vətəndaşlara daha bahalı qiymət təklif edilir. Bəzi hallarda öz vətəndaşlarımız da bundan şikayət edirlər. Belə halların olmaması üçün müxtəlif tənzimləmə mexanizmlərindən istifadə etmək lazımdır. Düzgün və kompleks şəkildə işləmək lazımdır ki, bu hallar minimuma endirilsin, biznesin inkişafına təkan verən qaydalar bərqarar olsun”.

S.Düdəndi deyib ki, hotel və restoranlarla yanaşı, turizm agentliklərinin təklif etdiyi turların, nəqliyyat xidmətlərinin, ekskursiyaların, əyləncələrin də qiymətində artım var:

“Bu qiymətlər müəyyən iqtisadi tələblər əsasında formalaşıb. Nəticədə həmin fəaliyyətlərə əhalinin əlçatanlığı bir qədər azalıb. Bazarda müxtəlif seçimlər olmalı, ucuz, orta və baha qiymətə xidmətlər təklif edilməlidir. Eyni zamanda dəbdəbəli yerlər də olmalıdır. Həmçinin kiçik və orta müəssisələrinin də sayı çoxalmalıdır. Dünya təcrübəsində geniş yayılmış müxtəlif alətlərdən istifadə edərək sənayeni tənzimləmək mümkündür. Hansı sahədə sürətli inkişaf yaşanırsa, ora digər sektorlardan insanlar üz tutur. Bunların sırasında işini bilən, peşəkar, təhsilli, təcrübəsi olan insanlar da var təcrübəsizlər də. Həmin kvalifikasiyaları yaratmaq üçün müxtəlif alətlər var. Bu alətlərdən düzgün istifadə etsək, həmin fürsətçilərin qarşısını ala bilərik. Nəticədə sənayedə daha çox peşəkar insanları formalaşdırmaq imkanlarımız olar”.

S.Dübəndi ölkəyə xarici turist gəlişinin də turizm destinasiyasında qiymətləri artırdığını bildirib:

“Azərbaycan manatı ilə qiymətlər xarici vətəndaşa çox da baha gəlmir. Amma yerli vətəndaşın vəziyyəti bir qədər həmin xaricidən fərqlidir. Yerli turist burdakı obyetklərə gedib yüksək qiymətlərlə üzləşəndə narazılıqlar yaranır. Azərbaycan qonşu ölkələrə baxanda ucuz turizm destinasiyası deyil. Biz daha çox yüksək komfort və yüksək xidmətlər çeşidini təklif edərək dünyaya çıxırıq. Azərbaycanda olan turların qiymətləri də qonşu ölkələrlə müqayisədə yuxarıdır. Xarici vətəndaşların gəlməsi dünya təcrübəsində də belədir ki, həmin destinasiyada qiymətlərin artımına gətirir”.

Assosiasiya rəhbəri hesab edir ki, sənayedə rəqabət olmalıdır: "Rəqabət və təklfilərin sayı artdıqca turizm sənayesində daha düzgün qiymət formalaşa bilər”.