22 Avqust 2022, 15:22

Sentyabrda karantin sərtləşdiriləcək? - TƏBİB-in açıqlaması

İddia olunur ki, payızda yoluxma kəskin artacaq, bu səbəbdən gələn aydan - sentyabrdan etibarən sərt karantin qaydalarının tətbiqinə start veriləcək. 
Sentyabrda karantin sərtləşdiriləcək? - TƏBİB-in açıqlaması

Son günlər koronavirusa yoluxma hallarının artması fonunda karantin rejiminin sərtləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. İddia olunur ki, payızda yoluxma kəskin artacaq, bu səbəbdən gələn aydan - sentyabrdan etibarən sərt karantin qaydalarının tətbiqinə start veriləcək. 

İndiki durumda qapanmaların olması real görünürmü?

Bu barədə danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev bildirib ki, yoluxma hallarının sayında artım göz qabağındadır. Payıza doğru getdikcə yoluxmaların artması ehtimalı yüksəkdir. Lakin həkim hesab edir ki, virusa yoluxanların sayının çox olması, qapanmalara əsas vermir.

“Hazırda istər maska, istərsə də əlavə vaksin qəbul olunması könüllüdür. Yəni tövsiyə xarakterlidir. Hər bir insana könüllü şəkildə qapalı və insanların çox olduğu məkanlarda xəstəliyin yayılmasının qarşısını almaq üçün maskadan istifadəni tövsiyə edirik. Əgər vaksinin qəbulundan 6 ay keçibsə, hər bir şəxs könüllü olaraq, təkrar vaksin qəbul edə bilər. Bunların məcburi olmasına isə əvvəlki günləri analiz etməklə qərar vermək olar. Təbii ki, qaydalar Opertiv Qərargah tərəfindən müəyyənləşdirilir. Ancaq yoluxma hallarının artması qapanmalar və məhdudiyyətlər üçün əsas vermir. Yoluxma halları artıq bir müddətdir ki, artır. Ancaq əvvəlki dalğalarla müqayisədə xəstəxanalara yerləşdirilənlərin sayı çox deyil. İnsanlar xəstəliyi ev şəraitində, yüngül formada keçirdiyinə görə, əlavə məhdudiyyətlərin tətbiq edilməsini real saymıram. Ancaq önümüzdəki günlərdə yoluxmaların sayı və xəstəliyin ağırlıq dərəcəsi artarsa, bəzi məhdudiyyətlər bərpa edilə bilər”, - deyə TƏBİB nümayəndəsi vurğulayıb.