20 İyun 2022, 17:08

Azərbaycanın çimərliklərində nə etmək qadağandır? - Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir

Çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!
Azərbaycanın çimərliklərində nə etmək qadağandır? - Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir

Azərbaycan Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydalarına riayət olunması ilə əlaqədar əhaliyə müraciət edib.

AviaTravel.az xəbər verir ki, çimərlikdə vaxtınızın xoş keçməsi üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyini bəyan edib.

Belə ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə:

- çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!
- qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir
- özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir

Həmçinin, qadağandır:

- nəzərdə tutulmamış ərazilərdə çimmək
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək
- küləkli havada dənizə girmək
- çimərlikdə gecələmək
- sərxoş halda çimərlikdə olmaq
- suda kobud hərəkətlər etmək
- çimərlikdə balıq tutmaq
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq

Yadda saxlayın:

- Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir
- Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!