“TEXNOFEST Azərbaycan” festivalına sayılı günlər qaldı. Festivalın 2022-ci ilin 26-29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçirilməsi planlaşdırılır.
Təşkilatçılar “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir.
“Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq.
Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.
Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.
Festivala gəliş-gedişin asanlaşdırılması və sıxlığın aradan qaldırılması üçün nəqliyyat planı hazırlanıb, həmçinin “28 May” metrosu yaxınlığından tədbir yerinə və əksinə avtobuslarla xüsusi reyslər təşkil edilib.
Ziyarətçilərin “iticket.az” platforması üzərisindən onlayn bilet əldə etmələri üçün texniki hazırlıq işləri tamamlanıb və mayın 1-dən artıq qeydiyyatdan keçmək mümkündür.
Festivalın keçiriləcəyi ərazinin, eləcə də qonaqların və müsabiqə iştirakçılarının qalacaqları Atletlər Kəndi və mehmanxanalarda gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görülməsi üçün güc strukturları ilə birgə əməkdaşlıq planlaşdırılıb.
Tədbir iştirakçılarının akkreditasiyası həyata keçirilməyə başlanılıb.