Marşrut xətlərinin təhlili, biletlərə tələbat və satış dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, Bakı-Şuşa-Bakı marşrutu üzrə avtobusların hərəkət cədvəlində müəyyən dəyişikliklər edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, təhlillər nəticəsində əlavə Bakı-Şuşa-Bakı marşrutunun açılması barədə qərar qəbul edilib.
May ayından etibarən sərnişinlər Bakı-Şuşa-Bakı marşrutu ilə həftədə 3 deyil, 4 dəfə - reyslər cümə axşamı, cümə, şənbə və bazar günləri yerinə yetiriləcək. Əhmədbəyli-Şuşa-Əhmədbəyli istiqamətində həftədə 3 gün - bazar ertəsi, çərşənbə axşamı, çərşənbə olmaqla, beləliklə, həftənin bütün günləri Şuşa şəhəri istiqamətində resylər həyata keçirilir.
Sərnişin daşımaları üzrə sistemliliyi və məlumat bazasının formalaşdırılmasını, şəffaflığı və rahatlığı təmin etmək məqsədilə yuxarıda qeyd olunan marşrut xətləri üzrə biletlərin satışı yalnız www.yolumuzqarabaga.az internet saytında onlayn şəkildə həyata keçirilir.
Qeyd edək ki, yanvarın 24-dən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları fəaliyyətə başlayıb. Bu günə kimi 122 reys uğurla həyata keçirilib, 5084 nəfər Şuşa və Ağdama səfər edib.